Ölkədəki bir çox dövlət qurumları – nazirlik və komitələrin mətbu orqanları var. Hətta bəziləri elə qurum yarandığı vaxtdan fəaliyyətə başlayıb. Lakin son illərin maliyyə böhranı maddi dayanıqlılığı sabit sayılan bu nəşrlərin fəaliyyətindən də yan keçmədi.
Məsələn, iyirmi ildən artıq çap ömrü olan “Rabitə dünyası” qəzeti, Binəqədi İcra Hakimiyyətinin “Binəqədi” qəzeti və bu qəbildən bəzi nəşrlər çapını dayandırdı.
Bəs görəsən, bu təhlükə dövlət qurumlarına aid digər nəşrləri də gözləyirmi? Ümumiyyətlə, e-hökumətin tətbiq olunduğu, onlayn medianın inkişaf etdiyi bir vaxtda həmin qəzetlərə ehtiyac varmı?
Suallara cavab tapmazdan öncə, nazirlik və komitələrə məxsus mətbu nəşrlər barədə araşdırma apardıq. Öyrəndik ki, ölkənin əksər dövlət qurumlarının internet resurs mənbəyi ilə yanaşı, mətbu nəşrləri də var.
Qurumlar və nəşrləri
Milli Məclisin “Milli Məclis” jurnalı və “Azərbaycan” qəzeti var. Jurnal aylıq nəşr olunur, abunə yolu ilə yayılır. “Azərbaycan” qəzeti isə gündəlik nəşrdir, həm abunə, həm də satışdan qəzeti əldə etmək mümkündür. Dövlət Gömrük Komitəsinin 23 ildir çap olunan həftəlik “Gömrük xəbərləri” qəzeti, ayda bir dəfə nəşr olunan “Gömrükçü” jurnalı var.
Fövqəladə Hallar Nazirliyinin eyniadlı qəzeti mövcuddur. “Fövqəladə Hallar Nazirliyinin qəzeti” həftədə bir dəfə olmaqla 12 ildir işıq üzü görür.
Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət” qəzeti var ki, bu nəşr həftədə 2 dəfə nəşr olunur. Respublika üzrə abunə yolu ilə paylanılır, eyni zamanda köşklərdən də qəzeti almaq mümkündür.
Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” qəzeti, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin isə “Polis” qəzeti var. Nəşrlər həftəlikdir, həm abunə yolu ilə satılır, həm də satışa çıxır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin iki mətbu nəşri var – “Cəmiyyət və din” qəzeti və “Dövlət və din” jurnalı. Jurnal 2 aydan bir, qəzet isə ayda bir dəfə çap olunur.
Ədliyyə Nazirliyinin “Ədliyyə” qəzeti var. Aylıq dərc olunan qəzetə nazirlik əməkdaşları abunədirlər. Qəzeti köşklərdən də əldə etmək mümkündür.
Kənd Təsərrüfatı Nazirliyinin ayda iki dəfə çap olunan “Kənd həyatı” qəzeti var. Qəzetə həm abunə olmaq, həm də satışdan əldə etmək mümkündür.
Səhiyyə Nazirliyinin “Tibb qəzeti” nəşr olunur. Ayda 3 dəfə dərc olunan qəzet həm abunə yolu ilə yayılır, eyni zamanda onu köşklərdən də almaq olar.
Dövlət İmtahan Mərkəzinin “Abituriyent” redaksiyası var ki, orada müxtəlif səpkili vəsaitlər, o cümlədən jurnallar, elektron disklər, test kitabçaları, dərs vəsaitləri, eyni zamanda “Abituriyent” jurnalı çap olunur.
Maliyyə Nazirliyinin “Maliyyə və uçot” jurnalı dərc olunur. Ayda bir dəfə nəşr olunan jurnal həm abunə yolu ilə paylanılır, həm də köşklərdə satılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Həyat” jurnalı mövcuddur ki, o da 2016-cı ilin aprel ayından nəşr olunur. Ayda bir dəfə çıxan jurnalda elmi-nəzəri və praktik məzmunlu materiallar dərc olunur, beynəlxalq təcrübəni əks etdirən yazılar təqdim olunur.
“Vergilər” qəzetinin bu günə qədər yaşaması günün tələbidir
Dövlət qurumlarına məxsus nəşrlərin bir neçəsinin baş redaktoru ilə söhbətləşib, onların fəaliyyəti barədə məlumat aldıq. Vergilər Nazirliyinin “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev 2006-cı ildən bu vəzifədə çalışır. O, deyir ki, 18 yaşlı “Vergilər”qəzeti vergi işçiləri ilə yanaşı, bu sahədən yazan jurnalistlərin də istinad mənbəyinə çevrilib: “Vergilər” qəzeti həftədə bir dəfə, 15 min tirajla çap olunur. Qəzetin yayımı həm abunə, həm də satış yolu ilədir: “Kollektivimiz 11 nəfərdən ibarətdir. Çalışırıq, öz sahəmizdə baş verən proseslərdən kənarda qalmayaq, bizə aid olan bütün mövzuları əhatə edək. “Vergilər” qəzeti, artıq sahə qəzeti çərçivəsindən xeyli kənara çıxıb. Qəzet, artıq Azərbaycanda iqtisadi-sosial sahədə ixtisaslaşmış nüfuzlu bir mətbu orqana çevrilib. Ona görə də hesab edirəm ki, qəzetə məhz bu prizmadan yanaşıb sahə qəzeti kimi, hansısa qurumun orqanı kimi qiymət vermək düzgün olmazdı. Çünki qəzetimiz artıq kifayət qədər bu sahə üzrə oxucusu olan nəşrdir. “Vergilər” qəzetinin bu günə qədər yaşaması günün tələbidir. Mövzu müxtəlifliyi, mövzunun işlənməsi, informasiyanın etibarlılığı, mötəbərliyi baxımından Azərbaycanda “Vergilər” qəzeti ilə rəqabət aparacaq mətbuat orqanı çox azdır. Hətta bir çox kütləvi informasiya vasitələri üçün istinad obyekti də olub. Elmi səviyyədə mənbənin mötəbərliliyinin bir indikatoru da ona olunan istinaddır. Hazırda “Vergilər” qəzeti öz sahəsində baş verən yeniliklər barədə istinad olunan tək və yeganə mətbuat orqanıdır.
Çap mətbuatı ənənə olaraq qalacaq
Təhsil Nazirliyinin “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Nurəddin Heydərov bir ilə yaxındır ki, qəzetə rəhbərlik edir. O, “Azərbaycan müəllimi” qəzetinin 5-6 min tirajla həftədə bir dəfə nəşr olunduğunu deyir: “Qəzet yalnız abunə yolu ilə yayılır. Əvvəlki dövrlə müqayisədə abunəmiz iki dəfə azalmışdı, bu da son illər elektron medianın çap mediasına təsiri ilə bağlıdır. Məlum olduğu kimi, qəzet olaraq maliyyələşməmiz sırf abunəylə bağlıdır. Qəzetin 20-ə yaxın əməkdaşı var və onlar təshil sahəsində illərdir çalışan, bu sahədə püxtələşmiş jurnalistlərdir. Kollektivə əlavə şəxslər də cəlb olunub, hansı ki, onların da bura gələnə qədər bu sahə üzrə müəəyyən təcrübələri olub”.
Baş redaktorun qəzetə rəhbərlik etdiyi dövrdə əsas hədəfi qismən də olsa nəşrin məzmununu dəyişmək olub: “Ötən müddət ərzində onlayn resurslarda işimizi genişləndirdik, həm sosial şəbəbkələrdə, həm də saytda operativliyə çalışırıq. Digər sahələrdən olan şəxslərin təhsillə bağlı düşüncələrini, əlaqlərini işıqlandırmağa çalışırıq, o yazıların videomateriallarını təqdim edirik. Qəzeti yeni istiqamətə inkişaf edtirməyə çalışırıq. Gələcəkdə çap mətbuatının yalnız ənənənə olaraq qalacağına inandığımız üçün onlayn rejimdə işimizi gücləndirməyi hədəf seçmişik”.
Müəyyən təbəqə üçün çap məhsulları olmalıdır
Dövlət Əmlak Komitəsinin “Mülkiyyət” qəzetinin baş redaktoru Anar Hüseynov deyir ki, rəhbəri olduğu qəzet 1996-cı ildən çıxır, hazırda 3 min tirajla yayımlanır: “Qəzetin 6 nəfər işçisi var, həm abunə, həm də satış yolu ilə yayılır. Qəzetdə mülkiyətlə bağlı bir çox məsələlərə yer verilir. Bura qanunvericilikdən tutmuş, dəyişikliklərə qədər bir çox məqamlar daxildir”.
2009-cu ildən qəzetə rəhbərlik edtiyini deyən müsahibimiz dünyada çap medianın aktuallığını itirdiyini desə də, ölkədə müəyyən təbəqə üçün çap məhsulunun qalmasının vacibliyini vurğulayır: “Bizdə əhalinin informasiya texnologiyaları ilə bağlı bilikləri o səviyyədə inkişaf etməyib ki, onu birdəfəlik elektron resurslarla əvəz edək. Bütün əhalinin təbəqəsinin məlumatları saytlardan izləmək imkanı yoxdur. Ona görə də düşünürəm ki, istər dövlət qurumları nəzdində olsun, istərsə də digər çap mediaları fərq etməz, hamısını müəyyən müddətə qədər saxlamaq lazımdır”.
Qeyd edək ki, qəzetlə bərabər, Dövlət Əmlak Komitəsinin həm də “Əmlak” jurnalı da var.
Bütün hallarda qəzetlər qalmalıdır
Mövzu ilə bağlı fikirlərini bildirən jurnalist-publisist Qurban Yaquboğlu hesab edir ki, indiki dövrdə belə kağız mətbuatının qorunub saxlanması vacibdir. Çünki sözlə kağızın dostluğu əbədidir və dünyanın, texnologiyanın heç bir inkişaf səviyyəsi yazı üçün kağızdan etibarlı yuva, saxlanc yarada bilməyəcək: “Məncə, başqa ölkələrlə müqayisədə Azərbaycanda kağız mətbuatı daha tez, hətta deyərdim, sürətlə və tələsik yola salınmaqdadır. Halbuki qəzetlər region əhalisi üçün indinin özündə də internet mətbuatından daha əlçatan sayılır. Ola bilsin, qəzetlərin yeni dövrə məzmun və poliqrafik baxımdan uyğunlaşmaması, necə deyərlər, dövrün tələb və inkişaf tempindən geri qalması da onların sıradan çıxmasında müəyyən rol oynadı. Yəni yeni qəzet necə olmalıdı sualına cavab tapılmadı və hələ də tapılmayıb… Zənnimcə, bugünün qəzeti xəbərçilik missiyasını təhvil verib, özünün digər – təhlilçi, maarifçi, təlimçi funksiyalarını qabartsa, öz yaşamını təmin və təsdiq edər.
“Dövlət qurumları heç kimin oxumadığı qəzetlərə pul ayırmaqdansa…”
“Yeni Media Jurnalistləri” İB-nin sədri Xaqani Səfəroğlu deyir ki, internet media bütövlükdə qəzetlərə ciddi zərbə vurub və indi klassik baxışdan çıxış etsək, ümumiyyətlə dövlət qəzetləri olmamalıdır: “Yalnız hökümətin rəsmi bir qəzeti ola bilər. Orada rəsmi qərarlar, sərəncamlar, fərmanlar, qəbul olunmuş qanunlar əks olunur. Eyni zamanda vəzifə təyinatları barədə əmrlər göstərilir.
İcra hakimiyyətlərinin və dövlət qurumlarının təsisçi olduğu kütləvi informasiya vasitələri heç bir halda medianın klassik prinsiplərinə əməl edə bilməz. Bu qəzetlərdə problemə alternativ baxış imkanı yoxdur. Hazırda bu cür qəzetlər daha çox icra hakimiyyətinin və ya dövlət orqanının ruporu rolunda çıxış edir. Odur ki, bu cür kütləvi informasiya vasitələrində (KİV) yenilənmə tamam ayrı şərtlər daxilində mümkündür”.
Müsahibimiz e-hökümət resursunun faydalı olsa da, KİV-in köməyi olmadan keçinməyin mümkün olmadığını bildirir: “Çünki e-hökümət resursundan lazım olan informasiyanı tapıb saf-çürük etmək sadə vətəndaş üçün çox çətindir. Odur ki, vətəndaş üçün KİV-də qərarların, qanunların peşəkar izahını oxumaq onun üçün daha səmərəlidir.
İnternet indi əlçatandır. Vətəndaşlar getdikcə onlayn şəkildə müraciətlərə üstünlük verirlər. Bu tendensiya artmaqdadır. Buna görə də, dövlət qurumları heç kimin oxumadığı qəzetlərə pul ayırmaqdansa, öz rəsmi veb resurslarında, saytlarında informasiya və təhlil hazırlaya bilən, sorğuları qəbul edəcək kontent –menecer vəzifəsi yaratmalıdırlar. Bu şəxs müraciətlərin ünvanladığı məsul şəxslərin mövqeyini vətəndaşlara çatdıra, əhali ilə icra strukturu arasında faydalı moderator çevrilə bilər.
Bundan başqa, icra strukturlarında, nazirliklərdə çevik informasiya təminatı üçün mətbuat xidmətlərinin formatının dəyişməsi vacibdir. Klassik mətbuat xidməti prinsipi bu günün tələblərinə cavab vermir. Bu katiblər çox halda hadisələrin arxasınca sürünür. İnformasiya əsrində isə məlumat kimin əlindədirsə, prosesə də o diqtə edir”. \\hafta.az\\