Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. 

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuranın Katibliyindən TİA.AZ-a verilən məlumata görə, iclasda Azərbaycan Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

Belə ki, Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib.

İclasda, həmçinin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq yeni qeydiyyatdan keçmiş 200-ə yaxın dərman vasitəsinin qiyməti təsdiq edilib. Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10 361 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlar ilə saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.