Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə martın 3-də Şamaxıda tədbir keçirilib.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə martın 3-də Şamaxıda tədbir keçirilib.
Rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin akt zalında keçirilmiş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Ağsu Regional Miqrasiya İdarəsinin rəis müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu Nail Hüseynov, həmin idarənin bölmə rəisi Rəfail Hüseynov, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, təhsil işçiləri, o cümlədən bir sıra müəssisə və təşkilat rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə Qasım Qasımov açaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, yaradılmış sabitlik və təhlükəsizlik nəticəsində respublikamızın miqrantlar üçün cəlbedici ölkəyə çevrilməsindən danışmış, miqrasiya siyasətinin ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdən biri olduğunu vurğulamışdır.
Sonra Nail Hüseynov çıxış edərək Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, Xidmətin ötən 10 il ərzində əldə etdiyi nəticələr və miqrasiya qanunvericiliyindəki yeniliklər barədə ətraflı məlumatlar vermişdir.
Natiq qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı əsasında nəinki Xidmətin aparatında, həmçinin tam gücü ilə fəaliyyət göstərən regional miqrasiya idarələrində də yüksək xidməti şərait yaradılmış, bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədi ilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verilərək Xidmətin ölkədə olduğu yer üzrə qeydiyyat, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, eləcə də əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması, miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqi, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri ilə məşğul olduğu diqqətə çatdırılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran bir sıra suallar cavablandırılmışdır.