Repetitorluqla məşğul olan müəllimlərin məktəblə birgə fəaliyyət müqaviləsinin imzalanması yaxın gələcəkdə reallaşa bilər.
Repetitorluqla məşğul olan müəllimlərin məktəblə birgə fəaliyyət müqaviləsinin imzalanması yaxın gələcəkdə reallaşa bilər.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O qeyd edib ki, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanması ilə bağlı qərar verib.
M.Vəliyeva bildirib ki, həmin qərara əsasən BŞTİ hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır.
“Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Müəllimlərin repetitorluğu məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Yaxın gələcəkdə birgə fəaliyyət müqavilələrin imzalanması ymüəllimlərə də şamil olunacaq”.
BŞTİ rəsmisi məktəblərin fəaliyyətinə zidd olmayan müxtəlif dərnəklərin təşkili, burada əsasən idman, yaradıcılıq dərnəklərinin üstünlük təşkil etdiyini vurğulayıb.
“Bu istiqamətdə artıq hüquqi və fiziki şəxslər tərəfindən idarəyə müraciətlər olub. Müqavilələr imzalanıb və fəaliyyətə başlanılıb. Valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə əlavə xidmətlər göstərilir. Qiymətlər məktəbin yerləşdiyi ərazi, sahə, məktəbin ümumi vəziyyəti, fəaliyyətinin növü nəzər alınaraq müəyyənləşir. Bunlara əsasən qiymətlərdə fərqli olur”.
M.Vəliyeva, həmçinin təhsil müəssisələtinin özəlləşdirilməsi məsələsinə də toxunub. Bildirib ki, hər hansı təhsil müəsisənin özəlləşdirilməsi məsələsi hazırda aktual deyil, lakin bu məsələyə baxıla bilər.
“Uşaqların təhsilə əlçatan olması baxımından dövlət məktəblərinin olması daha məqsəduyğundur. Perspektivdə dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsinə baxıla bilər”.