Bakı Şəhəri üzrə Təhsil İdarəsi “ATV” telekanalından yayımlanan “Yoxlama” verilişinin çəkilişi zamanı məktəblərdə yaşanmış problemə aydınlıq gətirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi “ATV” telekanalından yayımlanan “Yoxlama” verilişinin çəkilişi zamanı məktəblərdə yaşanmış problemə aydınlıq gətirib.
İdarədən TİA.AZ-ın sorğusuna verilən cavabda həm BŞTİ-nin, həm də 171 saylı məktəb rəhbərliyinin mövqeyi əks olunub.
BŞTİ tərəfindən verilən cavabda bildirilir ki, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.
“Bu baxımdan BŞTİ-nin fəaliyyəti və idarənin tabeliyindəki təhsil müəssisələrinin həyatında baş verən yeniliklər haqqında məlumatlar operativ şəkildə ictimaiyyətə çatdırılır. Təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının, “Təhsil haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığa nail olunub.
Onu da qeyd edək ki, 5 və 6 yanvar 2017-ci il tarixlərində “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov öz dəstəsi ilə Bakı şəhəri Binəqədi rayonundakı 276 nömrəli və Nərimanov rayonundakı 212 nömrəli tam orta məktəblərdə də heç bir qaydalara məhəl qoymadan zorla çəkiliş aparıb”.
171 saylı məktəbdə baş vermiş qalmaqalla bağlı verilən cavabda isə “çəkiliş qrupu”nun törətdiyi qalmaqalın şagirdlər, müəllimlər və valideynlər arasında çaşqınlığa və vahiməyə səbəb olduğu bildirilir:
“ATV kanalının “Yoxlama” verilişinin aparıcısı Azər öz nöqsanlarını “Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi” pafoslu ifadəsi ilə pərdələmək istəyir. Bu zaman təbii olaraq sual meydana çıxır ki, bunun üçün məktəbin qapıçısını itələyib təhsil ocağına daxil olmaq, icazəsiz siniflərdə tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparmaq, məktəb rəhbərliyinə qarşı saymamazlıq etmək, müəllimlərə və məktəbin texniki işçilərinə qarşı kobudluqlar etmək, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunmaq və məktəbin şagirdlərinə xəsarət yetirmək lazım idimi ki, məqsədlərinə uyğun çəkiliş aparsınlar?! Aparıcı Azərin əlində əvvəlcədən çap olunmuş otuza yaxın meyar üzrə, o cümlədən müəllimlərin geyiminin, xarici görkəminin, makiyajının və s. meyarlar üzrə yoxlanmasını nəzərdə tutulan hazır siyahı var idi. Təbii sual yaranır ki, bu meyarlar üzrə məktəblərin, müəllimlərin yoxlanması səlahiyyətini ona kim verib və onun bu kompitensiyaların yoxlanması üçün bilik, bacarıq və təhsili varmı?! “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun bu səlahiyyətləri Azərə və onun dəstəsinə veribmi?! Məktəblərin otuzdan artıq meyar üzrə yoxlanması nə vaxtdan və kim tərəfindən “Yoxlama” verlişinin səlahiyyətinə verilib? Xahiş edirəm, Azər və onun dəstəsi qoyulan bu suallara cavab versin.
Məlumdur ki, məktəblərin müvafiq meyarlar üzrə yoxlanması və fəaliyyətinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Onu da qeyd edək ki, ötən il “Yoxlama” verlişi ətrafında yaranmış səs-küy və haqlı narazılıqlar aparıcı Azər İsmayılov haqqında kifayət qədər aydın ictimai rəy yaradıb. Odur ki, eyni hərəkətlərin hamımız üçün müqəddəs olan məktəblərə də tətbiq edilməsi yolverilməzdir. Məktəbin pedaqoji kollektivi adından belə halları qətiyyətlə pisləyir, təhsil müəssisəsinin normal fəaliyyətinə kobud şəkildə mane olan və KİV təmsilçilərinin şərəfli adına ləkə gətirən bu cür neqativ hərəkətlərin yolverilməz olduğunu bildiririk”.