“Azərbaycan cəmiyyəti dövlət bağçalarının özəlləşdirilməsinin tərəfdarı deyil” “Azərbaycan cəmiyyəti dövlət bağçalarının özəlləşdirilməsinin tərəfdarı deyil”
Bunu TİA.AZ-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA–nın vitse prezidenti İsa Həbibbəyli deyib. Komitə sədri qeyd edib ki, 1980-cı illərin sonu, 90-ci illərin əvvəlində dövlət bağçaları təyinatı üzrə fəaliyyətini davam etdirmək adı ilə özəlləşdirildi. Lakin həmin bağçalar sonradan öz fünksiyalarına uyğun fəaliyyət göstərmədilər.
“Həmin bağçaların əksəriyyətinin yerində təhsilə aid olmayan obyektlər tikildi. O zaman özəlləşmə prosesi məktəbəqədər təhsilə böyük zərbə vurdu. İndi buna xüsusi zərurət yoxdur. Dövlət bağçası ilə yanaşı, yeni özəl bağçaların yaradılması üçün şərait yaradılır. Dövlət bağçalarının özəlləşdirilməsi “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində nəzərdə tutulmur”.
İsa Həbibbəyli qeyd edib ki, özəl bağçalarda təhsil haqqının müəyyənləşməsi hər bir uşağa göstərilən xidmətə əsasən müəyyənləşəcək.
“Bu haqda “Məktəbəqədər təhsil haqqında” qanunda qeyd edilib. Konkret özəl bağçalarda hər bir uşağa görə xidmətin miqdarı göstərilməsə də, bazarın tələbinə uyğun olaraq formalaşan minimum həddi barədə müddəalar var. Bu rəqəmlə ifadə olunmur. Konkret rəqəm deyə bilmirik. Elə format qurmaq istəyirik ki, ödəniş orta həddən yuxarı olmasın. Rəqəmi bazar müəyyən edəcək. Orta hədd isə yüksək rəqəm ola bilməz, istəyirik ki, şişirdilmiş qiymətlər olmasın, əhalinin orta yaşayış səviyyəsinə uyğun gəlsin”.
Komitə sədri qanuna əsasən müxtəlif istiqamətlərdə bağçaların yaradılacağını vurğulayıb: “Dövlət, özəl, ailə, icmal, bələdiyyə bağçalarının yaradılması, onların funksiyaları, vəzifələri, hüquqları, təsis olma qaydaları “Məktəbəqədər təhsil haqqında” qanunda öz əksini tapıb. Bu isə öz növbəsində əhalinin həyat səviyyəsinə, maraqlarına, iş şəraitinə uyğun olaraq yeni nəslin bağça təhsilinə cəlb olunmasına şərait yaradacaq”.
I oxunuşdan keçən “Məktəbəqədər təhsil müəssisələri” haqqında qanun layihəsinə diqqən çəkən komitə sədri ümid edir ki, yaz sessiyasında qanun layihəsi II və III oxunuşlardan keçərək qəbul olunacaq.