Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən 2003-cü il təvəllüdlü Nəriman Habilovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 4 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 18 may 2023-cü il tarixdə, saat 04 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, Nəriman Habilovun tanışı Mahir Yusifzadə (şərti) ilə zərərçəkmiş Vüsal Pənahov (şərti) arasında mübahisə düşüb. Mübahisəyə səbəb isə zərərçəkmişin borclu olduğu 20 manat pul əvəzinə Mahirə saxta pul verməsi olub. Bu zaman Nəriman söhbətə müdaxilə edib. Sonra o, qəsdən əli ilə zərərçəkmiş şəxsin sifət nahiyəsinə yumruqla vuraraq yerə yıxıb, ayağı ilə Vüsalın baş nahiyəsinə zərbə endirərək xəsarət yetirib.
Hadisədən sonra Nəriman Habilov Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərində narkotik aşkarlanıb.