Son zamanlar heç də kiçik rəqəmli olmayan tenderlər keçirən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, daha bir bahalı tenderə imza atıb. Tribunainfo.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurum bu dəfə 2 saylı Bakı DOST Mərkəzi üçün bina icarəyə götürməyi qərarlaşdırıb.
Rəsmi məlumatlarda qeyd edilir ki, DOST satınalma müqaviləsini “AVTOMOTOSERVİS” ASC ilə bağlayıb. Dövlət qurumu təkcə bir şöbəsi üçün 2.015.378,64 manat icarə haqqı ödəyəcək.
Bildirək ki, icarəyə götürülən ofisin ümumi sahəsi 1 293,9 kv. metr təşkil edir.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, “Avtomotoservis” ASC 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 521 min 842 manat olan ASC-nin qanuni təmsilçisi Məharət Hüseynlidir. “Avtomotoservis” ASC barəsində mətbuatda məlumatlar az olsa da, qanuni təmsilçisi Məharət Hüseynli barəsində çoxsaylı məlumatlar mövcuddur. Yayılan məlumatlara görə, ixtisasca hüquqşünas olan Məharət Hüseynli daha əvvəl AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı, “Premium Bank” ASC-nin və “Gazelli Group” şirkətinin sahibi olan Zərifə Həmzəyevanın nümayəndəsi kimi onu “İdeal” mağazalar şəbəkəsiylə bağlı keçirilən məhkəmə prosesində təmsil edib.
Xatırladaq ki, bu DOST-un ilk bahalı tenderi deyil. Bundan bir qədər əvvəl də dövlət qurumu baş ofisi üçün generalın kürəkəni ilə icarə müqaviləsi imzalamışdı. Həmin vaxt DOST-un binasına 5 milyon manat icarə veriləcəyi razılaşdırılmışdı.