Dosent Elm və Təhsil Nazirliyini ATƏT-in Minsk qrupuna bənzətdi

Dosent Elm və Təhsil Nazirliyini ATƏT-in Minsk qrupuna bənzətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiki dövrdə təhsili zəif ölkə, heç bir sahədə güclü ola bilməz. Elm və Təhsil Nazirliyi ölkədə elm, təhsil və innovasiyaların inkişafına məsul dövlət qurumu kimi, son 25 ildə bu sahələrin tənəzzülünü daha da sürətləndirdi. Bu sahədəki real vəziyyətimizi bilmək üçün 2025-ci ildə məktəblilərin beynəlxalq riyaziyyat olimpiadasında və Bakıda keçirilən proqramlaşdırma üzrə tələbələrin 49-cu olimpiadasında olan uğursuz iştirakımızı yada salmaq kifayətdir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə ali təhsil üzrə ekspert, dosent İlham Əmədov bildirib. O qedy edib ki, ölkədəki 50 universitet arasında hələ də bir “Tədqiqat Universiteti” yoxdur:

“Bu ərəfədə məlum oldu ki, “Qlobal İnnovasiya İndeksi”ndə Azərbaycan son yerlərdədir.
“Biliklərin yayılması” (Knowledge diffusion) və “biliklərin mənimsənilməsi” (Knowledge absorption), innovasiya ekosistemi kimi kritik sahələrdə təəssüf ki, reytinqlərdə son sıralardayıq.
“Knowledge diffusion” (biliklərin yayılması) göstəricisi ölkələrin istehsal etdiyi bilik və texnologiyaları dünya bazarına necə ixrac etdiyini ölçür. Bu göstəriciyə intellektual mülkiyyətdən gəlir, yüksək texnologiyalı məhsulların ixracı, İKT xidmətlərinin ixracı və ixrac strukturunun mürəkkəbliyi daxildir.
Azərbaycan üzrə nəticələr:
-2024-cü ildə 119-cu yer, 2025-ci ildə 129-cu yer (139 ölkə arasında);
Yüksək texnologiyalı ixracdan gəlir sıfır səviyyədədir;
Yüksək texnologiyalı ixrac üzrə 116-cı yer;
“Knowledge absorption” (biliklərin mənimsənilməsi) isə ölkələrin xaricdən gətirilən bilik və texnologiyaları necə mənimsədiyini ölçür. Bu göstərici yüksək texnologiyalı idxal, İKT xidmətlərinin idxalı, xarici sərmayə (FDI), bizneslərdə tədqiqatçıların payı və s. ilə bağlıdır.
Hesabatda qeyd olunur ki, bu sahədə Azərbaycan 2024-cü ildə 130-cu, 2025-ci ildə isə 134-cü yerə enib. Xarici sərmayə axını mənfidir (-2.8%), yəni ölkəyə innovasiya sahəsində kapital gəlmir, əksinə, çıxır”.

Dosentin sözlərinəgörə, narahatedici məsələ budur ki, Elm və Təhsil Nazirliyinin bu sahədə hələ də heç bir strategiyası və məsələlərə konseptual baxışı yoxdur:

“ETN-nin səmərəsiz fəaliyyəti ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini xatırladır”.

Gülşən Rəsul