Dördtəkərli “qatillər” – üç-üç can alan sovet maşınlarından necə qurtulaq…backend

Dördtəkərli “qatillər” – üç-üç can alan sovet maşınlarından necə qurtulaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspert: “Yol qəzalarında köhnə avtomobillərin rolu böyükdür”

Azərbaycanda demək olar, hər il onlarla yol-nəqliyyat qəzası baş verir. Bu qəzaların bir çoxu əfsus ki, ölümlə nəticələnir. Özü də ölüm hallarının böyük bir qismi köhnə, sovet maşınlarının “payına” düşür. Bu da növbəti 3 faciəvi olay.

Aprelin 29-da Ağstafa Rayon Polis Şöbəsində Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən xəbərdə bildirilir ki, hadisə nəticəsində “Toyota” və “VAZ 2107” markalı avtomobilin toqquşması, “Toyota” markalı avtomobilin 6 sərnişininin yaralanması, “VAZ 2107″ markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

Eyni gündə Bərdədə də 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, qəza ötən gün saat 20:00 radələrində baş verib. “VAZ-2107″ markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü və sərnişinlər – rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişini Sənan Şıxıyev xəsarət alıb.

Şəmkir rayonunda da “VAZ” insan ölümünə səbəb olub. Hadisə gecə saatlarında Şəmkir rayonunda fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə qeydə alınıb. Gədəbəy polis şöbəsinin əməkdaşı olan Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev Mirsalam oğlu həmin vaxt şəxsi “VAZ-2121” markalı avtomobili ilə işə gedirmiş. Bu zaman 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillə toqquşma baş verib. Qəza nəticəsində polis zabiti aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda ölüb. F.Bağırov və onun sərnişinləri Quluzadə Toğrul Azər oğlu və Mahmudov Zirəddin Namiq oğlu xəsarət alıb.

Diqqət edin, həlak olanların hamısı (bir gündə 7 nəfər!) “Jiquli”nin sərnişinləridir. Bunlar təbii ki, ilk belə ağır yol qəzaları deyil. Bəs nə etməli? Köhnə, müasir təhlükəsizlik standartlarına cavab verməyən sovet maşınları, “4-təkərli “qatillər” nə vaxt istismardan çıxarılacaq?

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda “Yol hərəkəti təhlükəsizliyi” dövlət proqramında köhnə avtomobillərin istismardan çıxarılması ilə bağlı məsələ də öz əksini tapıb. Ekspert 5 il keçsə də, əməli fəaliyyətin olmadığını qeyd etdi: “İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, yol hərəkəti ilə bağlı yaradılmış Nəqliyyatın Əlaqələndirmə Şurası bu məsələyə baxmalıdır. Görünən odur ki, məsələyə ciddi yanaşmırlar. Yol qəzalarında köhnə avtomobillərin rolu böyükdür. Xüsusilə ölüm və xəsarət hallarının çox olması məhz bununla bağlıdır. Real mənzərəni görmək üçün hadisələri təhlil etmək lazımdır. Bu avtomobillərin yığışdırılması ilə bağlı obyektiv qərar qəbul edilməlidir ki, o avtomobilləri idarə edən sürücülər pis vəziyyətdə qalmasınlar”.

Qeyd edək ki, aprel ayında respublikanın avtomobil yollarında baş verən qəzalar nəticəsində həlak olanların sayı məlum olub. Yol qəzaları nəticəsində ümumilikdə 74 nəfər həyatını itirib.