Dominika: “Mariya” qasırğası 15 nəfərin ölümünə səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mariya qasırğası Karib adası Dominikada azı 15 nəfərin ölümünə, 20 nəfərin itkin düşməsinə səbəb olub, baş nazir bildirib.

 

Mariya qasırğası Karib adası Dominikada azı 15 nəfərin ölümünə, 20 nəfərin itkin düşməsinə səbəb olub, baş nazir bildirib.

Baş nazir Roosevelt Skerrit yerli televiziya kanalına müsahibəsi zamanı deyib ki, “ölüm sayının yüzlərlə olmaması möcüzədir”.

Mariya qasırğası bazar ertəsi dördüncü dərəcəli tufan olaraq Dominikaya daxil olub, yüzlərlə evə ziyan dəyib.

Daha sonra tufan Puerto-Rikonu elektrik enerjisiz qoyub.

Cənab Skerrit-in sözlərinə görə, o, son 24 saatda güclü tufan nəticəsində zərər görmüş əraziləri havadan izləyib.

O, əlavə edib ki, “biz heç vaxt belə dağıntı görməmişik”. Baş nazir dünya ölkələrindən gələcək yardımın lazımlı olacağını vurğulayıb.

Bu arada, Puerto-Riko hakimiyyəti Mariya qasırğasından sonra yağacaq yağışların yaradacağı daşqından qorunmaq üçün sakinləri daha yüksək yerlər axtarmağa çağırır.

 

Adanın Qubernatoru Ricardo Rossello Mariyanı “əsrin ən dağıdıcı qasırğası” adlandırıb.

Onun sözlərinə görə, qasırğa adanın elektrik enerji sisteminə elə zərər yetirib ki, onu bərpa etmək bir ay vaxt apara bilər.

Hazırda üçüncü kateqoriyalı tufan sayılan Mariya Dominikan Respublikasının şimal sahillərindən Törks və Kaykos adalarına doğru irəliləyir.

Tufan Karib Dənizi boyunca indiyədək azı 17 insanın həyatına son qoyub, bir çoxları itkin düşüb, rəsmilər bildirir.

Mariya qasırğa mövsümündə Karib ərazisini vurmuş ikinci dağıdıcı qasırğadır. Birincisi isə sentyabrda əraziyə daxil olmuş beşinci kateqoriyalı İrma qasırğası idi.

İrma qeydə alınmış ən güclü Atlantik qasırğalarından biridir və azı 84 nəfərin həyatına son qoyub (BBC).