Hazırda dollar manat qarşısında ucuzlaşmağa başlayıb. Rəsmi məzənnə 1,7301-dir. Bəs belə olan halda “A-95” və “A-98”in qiymətləri düşə bilərmi? Hazırda dollar manat qarşısında ucuzlaşmağa başlayıb. Rəsmi məzənnə 1,7301-dir. Bəs belə olan halda “A-95” və “A-98”in qiymətləri düşə bilərmi?
TİA.AZ-ın məlumatına görə, “Qafqazinfo” bu sualla Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevə müraciət edib.
N.Quliyev bildirib ki, məsələ onlarlıq deyil: “Benzin satan şirkətlərlə əlaqə saxlamaq lazımdır. Siz bu barədə “SOCAR Petroleum”a müraciət edin”.
“SOCAR Petroleum”dan isə bildirdilər ki, onlar benzini satan şirkətdir, onun idxalı ilə məşğul olmurlar. Ona görə də, qiyməti müəyyən etmirlər.
Bu arada ölkədə fəaliyyət göstərən bir neçə benzin satan şirkətlərlə də əlaqə saxlasaq da, onlardan da eyni cavabları eşitməli olduq.
Ekspert İlham Şaban isə məsələ ilə bağlı bildirib ki, məsələnin obyektiv səbəbləri var:
“SOCAR Azərbaycandan neft məhsullarını Gürcüstana ixrac edir. Vaqonlar boşalır və boş vaqonlara benzini vurub gətirir. Nəticədə nəqliyyat xərcləri, demək olar ki, cüzi olur.
Dolların kursunun yerli bazarda bir neçə gün dəyişməsinin ölkəyə idxal edilən benzinin qiymətinə öz təsirini göstərməsinin isə iqtisadi əsasları yoxdur.
Çünki SOCAR idxal edilən benzini böyük həcmdə alır. Yəni birdən 1 aylıq müqavilə həcmlərini sifariş edir. Adətən, sifarişlər ayın 25 və ya 26-sı baş tutur. Yanvarın 25-də isə ölkədə dolların rəsmi kursu 1,9068 idi.
Siz elə liberal yanacaq bazarı olan Gürcüstanı götürə bilərsiniz. Dünya bazarından və ya yerli valyutanın kursunun dəyişməsindən asılı olaraq qiymətlərin dəyişməsi ayda iki dəfədən çox baş vermir”.
İ.Şaban qeyd edib ki, SOCAR yüksək oktanlı benzinin Azərbaycan bazarına gətirib topdansatışı ilə məşğul olan şirkətdir:
“Ancaq 1 aprel 2014-cü il tarixindən etibarən yüksək oktanlı benzinlərin Azərbaycanda qiyməti hökumət tərəfindən müəyyənləşdirilmir, bu məsələ bazarın öhdəsinə buraxılıb. Yəni, pərakəndə satış məntəqələrində “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətləri müxtəlif olmalıydı, necə ki, Bakıdakı bütün bazar və dükanlarda eyni malların qiyməti eyni deyil. Ancaq biz bu halı 3 ilə yaxındır ki, təəssüf ki, müşahidə etmirik. Demək ki, yanacaq bazarında hələ də nə rəqabət var, nə də ki bazar qanunları işləyir”.
Onun sözlərinə görə, “Aİ-95”-in qiyməti 2015-ci ilin oktyabr ayından 2016-cı ilin sonuna qədər dəyişməmişdi:
“Bu il isə qiymət 2 dəfə dəyişdi. Maraqlıdır ki, bu qədər uzun müddətdə SOCAR nəyin hesabına idxal benzinin qiymətini stabil saxlayırdı? Gərək istehlakçılar bunu da fikirləşələr?
Əgər ölkə iqtisadiyyatında stabillik varsa (heç olmasa valyutada) idxalı nə ilə isə kompensasiya etmək olur, yox əgər balans pozulursa, onda “Aİ-95”-in qiyməti qısa zamanda 2 və hətta daha çox arta da bilər. Benzinin qiymətinin düşməsi isə qəlizləşir. Ona görə ki, itirilmiş əvvəlki mövqelərin maliyyə bərpası gedir”.