Ekspert manatın məzənnəsinə təsir edən amilləri açıqladı
Ekspert manatın məzənnəsinə təsir edən amilləri açıqladı
Son bir ay ərzində Azərbaycanın qonşu, yaxın ticari tərəfdaş olduğu ölkələrin, demək olar ki, hamısında dolların məzənnəsində ciddi artımlar qeydə alınıb. Oktyabr ayında Qazaxıstan və Türkiyədə, noyabrda isə Gürcüstan və Rusiyada dolların məzənnəsində yüksəliş qeydə alınıb.
Azərbaycanda isə hələ ki dolların məzənnəsində artım deyil, əksinə, cüzi də olsa azalma gedir. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib ki, ilin sonunadək Azərbaycanda manat daha da möhkəmlənə bilər.
Onu da qeyd edək ki, Azərbaycanda bir qayda olaraq dekabr ayında – Yeni il ərəfəsində dolların kursunda artım baş verir. Bu dəfə necə, artım ola bilərmi? Hazırda bütün dünyada dolların möhkəmlənməsi prosesinin getdiyi bir dövrdə Azərbaycanda bunun əksinin baş verməsinin səbəbləri nədir? Hökumət dolların kursunu nə qədər sabit saxlaya biləcək?
Suallara cavab verən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, mövcud iqtisadi vəziyyət hökumətə imkan verir ki, manatın məzənnəsini istədiyi həddə saxlaya bilsin: “Burada söhbət qısamüddətli dövrdən – yəni ən azı ilin sonunadək olan müddətdən gedir. Buna görə də ilin sonunadək məzənnənin 1,70 civarında dəyişəcəyini gözləyirəm. Düzdür, ilin son aylarında – noyabr-dekabrda dollar tələbatın artması müşahidə olunacaq. Yəni ilin sonu olduğu üçün dollarla olan öhdəliklərin bağlanması zərurəti yaranır – həm dövlət, həm də özəl sektorda. Buna görə də tələbat artır. Lakin mövcud imkanlar dolları təhlükəsiz həddə saxlamağa yetəcək. Eyni zamanda düşünmürəm ki, manatın ciddi möhkəmlənməsi prosesi getsin. Ən yaxşı halda məzənnə 1,68-dək möhkəmlənə bilər.”
S.Əliyev deyir ki, gələn il hökumət dolların məzənnəsinə daha həssas yanaşacaq: “Əvvəla, gələn il seçki ilidir. Təcrübə göstərir ki, hökumət seçki ilində cəmiyyətdə ciddi reaksiyalar doğuran sosial-iqtisadi dəyişikliklərə imkan vermir. İkinci məsələ Dövlət Neft Fondundan gələn il Mərkəzi Banka makroiqtisadi sabitliyin saxlanması üçün əlavə vəsaitlərin ayrılıb-ayrılmamasıdır. Bu il 7,5 milyard manat təşkil edən həmin ayırmaların hesabına manatın məzənnəsi də daxil olmaqla, ölkədə makroiqtisadi sabitlik saxlandı. Gələn ilki vəziyyət yenə də bu amilin təsiri ilə dəyişə bilər.”
Ekspertin sözlərinə görə, tədiyə balansının vəziyyəti də gələn il məzənnə siyasətinə təsir edən basilica amillərdən biri olacaq: “Bu ilin birinci yarısında neftin dünya bazar qiymətinin artması, ölkəyə daha çox turistin gəlməsi, idxalın məhdudlaşdırılması sayəsində tədiyə balansında 2 ildən sonra müsbət saldoya nail olunub. Bu, manatın məzənnəsini sabit saxlamağa imkan verən üçüncü amildir. Dördüncü amil, bildiyiniz kimi, prezidentin sərəncamı ilə müəyyən istisnalarla 2018-ci ilin yanvarınadək dövlət qurumlarına xaricdən mal idxal etmək qadağan olunub. Bu məhdudlaşma qalacaqsa, manata təzyiq azalacaq. Gələn il Azərbycanda məzənnəyə təsir göstərəcək beşinci amil kimi gözlənilməz situasiyalar, tutalım ki, iqtisadi sabotaj halları və sair də nəzərə alınmalıdır. 2015-ci ildə biz belə halların məzənnəyə ciddi təsirini görmüşük”.
2018-ci ildə dollar/manat məzənnəsinə təsir edə biləcək xarici amillərdən birincisi kimi ekspert neftin dünya bazar qiymətində baş verə biləcək dəyişiklikləri qeyd edir: “Dünya bazarında neftin qiyməti 40 dollardan aşağı düşərsə, manatın məzənnəsini saxlamaq mümkünsüz ola bilər. Hansı ki, neftin qiymətinin bu həddə qədər düşəcəyi gözlənilən deyil. Dünyada dolların məzənnəsinin artması tendensiyasının Azərbaycan manatına təsirinə gəlincə, güman edirəm ki, əvvəl qeyd etdiyim 4-5 amilin müsbət məcrada getməsi hökumətə imkan verəcək ki, bu amilin təsirini neytrallaşdıra bilsin. Bütün bunları nəzərə alaraq, hökumətin 2018-ci ildə dolların məzənnəsini 1,70 manat civarında saxlamağa nail olacağını düşünürəm”.
DÜNYA