Bugünkü reallıqda məktəb direktorlarının üzərinə düşən inzibati yüklər, hesabatçılıq, formal yazışmalar onları strateji lider olmaqdan uzaqlaşdırır.
Tribunainfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, nəktəb rəhbərliyinə 5 illik limit qoymaq təhsildə idarəetmənin mahiyyətini anlamaqda yanlış istiqamətdir:
“Problem müddətdə deyil, seçim mexanizmindədir. Əgər rəhbər vəzifəyə peşəkar, liderlik keyfiyyətlərinə malik, idarəetmə bacarığı formalaşmış şəxs gətirilirsə, o zaman onun fəaliyyətinin davamlılığı məktəbin inkişafı üçün üstünlükdür. Təhsil bir sahədir ki, burada təcrübə illərlə cilalanır, liderlik isə praktikada formalaşır.
Təhsil tədqiqatçısı Maykl Fullan yazırdı: “Yaxşı məktəb direktoru təkcə idarəçi deyil, o, öyrənən təşkilatın mədəniyyətini yaradan liderdir. Belə liderlər zamanla yetişir, göstərişlə yox, təcrübə ilə formalaşır.”
Eləcə də UNESCO-nun “Educational Leadership and School Management” hesabatında qeyd olunur ki, “direktorun uğuru illərlə qurulan etimada, komanda ruhuna və sistemli inkişaf planına əsaslanır.”
Bugünkü reallıqda məktəb direktorlarının üzərinə düşən inzibati yüklər, hesabatçılıq, formal yazışmalar onları strateji lider olmaqdan uzaqlaşdırır. Halbuki keyfiyyətin monitorinqi cəza yox, inkişaf aləti olmalıdır. Direktorun fəaliyyəti 1, 3 və 5 illik mərhələlərlə formativ şəkildə dəyərləndirilsə, bu həm şəffaf, həm də inkişaf yönümlü sistem yaradar”.
Ekspert əlavə edib ki, hazırda aparılan monitorinqlər əsasən rəqəmlərə əsaslanır, halbuki təhsil keyfiyyəti rəqəmlərdə deyil, insan faktorunda gizlidir:
“Uzun illər məktəb idarəetməsində təcrübə qazanmış, kollektivlə güvən əlaqəsi qurmuş direktorları sistemdən uzaqlaşdırmaq yox, onların modelini gənc rəhbərlərə örnək kimi təqdim etmək lazımdır. Təhsildə keyfiyyət müddətlə ölçülmür — keyfiyyət insanla, liderliklə və ardıcıl dəstəklə ölçülür. Elm və Təhsil Nazirliyinin diqqəti rəhbərlərin sayına deyil, keyfiyyətinə yönəltməsi təhsil sisteminin sabitliyinə və inkişafa ən böyük töhfə olacaq”.
Gülşən Rəsul