backend

Direktor ərə gedib, məktəbi atası idarə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam Təhsil Şöbəsində rüşvətxorluq tüğyan edir. Bağca müdirliyindən Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilən Mətanət Misirxanova, sözügedən qurumu talamaqla məşğuldur. Ağdam Təhsil Şöbəsində rüşvətxorluq tüğyan edir. Bağca müdirliyindən Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilən Mətanət Misirxanova, sözügedən qurumu talamaqla məşğuldur.

 TİA.AZ Bu haqda azxeber.com-a Ağdam sakinləri məlumat verib. Sakinlər bununla bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsələr də, nəticə olmayıb.

“Gələn gedənə rəhmət oxutdurur”

Direktorlardan dayanmadan xərac toplayan Misirxanova, ondan əvvəl bu vəzifəni icra edən Elmira Şükürovanın atasına rəhmət oxutdurur. E.Şükürova ayda bir dəfə rüşvət yığırdısa, Misirxanova bu proses sərhədsiz davam etdirir. Ay boyu çırpıb-talamaqla məşğuldur: “Bir həftə pul yığımı olmayanda az qalırıq papağımızı göyə ataq, sevincdən. Axı nə qədər pul yığmaq olar? Bu qədər pul veririk, hələ də həmin pulların hara getdiyi haqqında məlumatımız yoxdur. Rəsmi qayda da yığılmadığına görə, deməli Misirxanovanın cibinə gedir. Elmira Şükürovanın atasına rəhmət oxutdurur yeni müdir. Ən azından onun təcrübəsi var idi, Misirxanova baxcadan bu vəzifəyə təyin edildiyi üçün təcrübəsizdir. Ona görə də, yalnız kor koranə rüşvət yığmaqla məşğuldur”.

“Direktor ərə gedib, vəzifəsini atası icra edir”
Gələn məlumatlar arasında ən diqqətçəkən məqam isə 93 saylı məktəblə bağlıdır. Bildirilir ki, Ağdam 93 saylı köçkün orta məktəbin direktor əvəzi Əhmədova Aliyə Allahverdi qızı 5 ildir ailə həyatı quraraq Mingəçevir şəhərinə köçüb. Məktəbi isə Əlimədətli kənd ərazi nümayəndəsi, Aliyə Əhmədovanın atası Allahverdi Qəmbərov idarə edir.

Xəstə uşaqların puluna dikilən gözlər…
Misirxanovanın “sağ əli” hesab edilən və yaş həddinə görə RTŞ-də müqavilə əsasında metodist işləyən, Raqub Məmmədov “xəstə uşaqların” komissiyası adı altında hər uşağa 50 manatdan pul yığmaqla məşğuldur: “Qüsurlu şagirdlərə evdə dərs keçilməlidir. Çünki onların məktəbə getmək imkanları məhduddur. İş Raqub Məmmədova həvalə edilib. O da özünə və rəhbərə sərf edəcək formada icra edir. Xəstə uşaqların 50 manatına göz dikirlər. Tədrisdən isə söhbət gedə bilməz”.

Nazirliyə gedən şikayətlərin qarşısını alan kimdir?
Misirxanova təhsil şöbəsindəki rüşvətxorluğu, qanunları ciddi şəkildə pozması ilə bağlı şikayətləri ört-basdır etmək üçün Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin Ağdam rayonunda olan nümayəndəsi Məhəmməd Aslanova hər ay “paket” verir. Aslanov isə öz növbəsində baş verən qanun pozuntusunu Təhsil Nazirliyindən gizlədir. Məktəblərin böyük əksəriyyətində demək olar ki, tədris yoxdur. Ona görə ki, müəllimlər zorla pambıq yığımına cəlb edilirlər. Şikayətlərin ardı-arası kəsilməsə də, şikayət ediləcək yerin də tapılmaması başlıca problemə çevrilib: “Biz pul verməkdən yorulduq, müdir pul yığmaqdan yorulmadı. Əlimizdə, ovucumuzda pul qoymur qalsın. Bilmirik kredit ödəyək, bilmirik ailə saxlayaq, bilmirik hansısa bir dərdimizə pul tapaq. Nazirliyə göndərdiyimiz məktublar yoxa çıxır, elektron məktublara cavab gəlmir, əlimiz hər yerdən üzülüb. Bilmirik nə edək!?”

“İki aydır əməkhaqqı verilmir”
M.Misirxanova 2016-2017-ci tədris ilində 1000 manat pul alaraq bir illik müqavilə əsasında işə götürdüyü müəllimlərin əmək haqqının regional idarə tərəfdən haqlı olaraq dayandırılması, RTŞ-də ciddi qalmaqal yaradıb. Külli miqdarda yığılan pul geri qaytarılmayıb. Misirxanova, məktəblərdə hesabatın (OŞ-1) verilməsi adı ilə direktorlardan pul yığır, bunun nəticəsidir ki, Ağdam təhsilinin hesabatı ləngiyib. Nəticədə müəllimlər 2 ayın əmək haqqın ala bilmirlər.

Qanunsuz qərarlar onlarla insanı işsiz qoydu…
Elmira Şükürova azad edildikdən sonra, rəhbərlik müvəqqəti olaraq Rahil Allahverdiyevə təhvil verilmişdi. Allahverdiyev əvəzləyici vəzifəsini yerinə yetirərkən bir çox əmirlər vermişdi. Lakin sonradan həmin əmirlər Təhsil Nazirliyi tərəfindən qanunsuz elan edilib. Misirxanova isə nazirliyin verdiyi qərarı, 100-dən çox müəllimdən aldığı rüşvətlə pozub: “Rahil Allahverdiyev belə müvəqqəti işlədiyi halda rüşvət yığıb getdi. Nazirlik onun verdiyi əmirləri ləğv elədi. Amma Misirxanova ikinci dəfə pul verənlərin əmirlərini yenidən bərpa elədi. İndi savadsız “müəllim” ordusunun əlindən hərəkət eləmək mümkün deyil”.

Dövlət başçısına, təhsil nazirinə, baş prokurora müraciət.
“Biz buradan dövlətimizin prezidenti cənab İlham Əliyevdən xahiş edirik ki, bizim problemimizin həlli istiqamətində lazımı göstərişlər versin. Baş prokuror cənab Zakir Qaralova müraciət edirəm. Cənab prokuror,Ağdam rayonunda müdhiş dələduzluq işi baş verir. Xahiş edirik,bu məsələyə ciddi nəzarət edəsiniz. Təhsil nazirimiz Mikayıl Cabbarova müraciət edirik. Hörmətli nazir,Ağdam təhsilində dələduzluq halları,rüşvət halları baş alıb gedir.Niyə susursunuz?Niyə biz sıravi müəllimlərin hüquqlarını qoruyan birisi tapılmır? Nə vaxta kimi Azərbaycan müəllimi yerdə sürünəcək?”