Həkim-pediatr Vaqif Qarayev isti havalarda uşaqları günvurmadan qorumağın yolları barədə məlumat paylaşıb.
Tribunainfo.az xəbər verir ki, pediatr bildirib ki, valideynlər uşaqlarda günvurmanın əlamətlərini bilməlidir:
“Hərarətin yüksəlməsi, baş ağrıları, başgicəllənmə, halsızlıq,ürəkbulanma, qusma, ağır hallarda huşun itməsi, qıcolmalar günvurmanın əlamətidir.
Belə hallar olduğu halda:
-uşaq dərhal kölgəyə və yaxud sərin otağa yerləşdirilməlidir. Əgər evdə kondisioneri 18-20 dərəcəyə qoymusunuzsa, uşağı ora yerləşdirməzdən əvvəl dərəcəni 24-25-ə çatdırın ki, kəskin temperatur fərqi yaşanmasın
-uşağın boynunu, sinəsini dar geyimdən azad edin ki, rahat nəfəs ala bilsin
-alnına boynuna soyuq kompreslər qoyun
-daim sərin su verin, ancaq qəti şəkildə qazlı, rəngli içkilər verməyin
-həkim gələnədək dərmanlardan istifadə etməyin
-uşaqda qıcolmalar və huşun itməsi varsa, dərhal həkimə çatdırın”.
Həkim bildirib ki, ən yaxşısı bu anomal istilərdə uşaqları günəşin altında saxlamaq olmaz:
“Çimərlik günəş şüalarından qorumur! Özünüzü aldatmayın!
Sağlam olun! Xüsusilə belə havalarda uşaqları günəş altında çox saxlamayın”.
Gülşən Rəsul