Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 17804 manat və 60 dollar oğurlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev paylaşıb. O qeyd edib ki, bu cür oğurluq halları demək olar hər gün baş verir. Aldanmamaq üçün E.Hacıyev fikir verilməsi vacib olan məqamları yenidən xatırladıb:
“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır və bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6350, 3000, 2000, 1015, 1000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
Nigar İxtiyarqızı