Dövlət İmtahan Mərkəzi (DİM) həm universitetlərə, həm də abituriyentlərə ciddi ziyan vurur. Bu, texniki səhv deyil – idarəetmə problemidir.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, DİM bununla çox sayda plan yerinin boş qalmasına səbəb olun:
“Bu il 9-illik baza üzrə kolleclərə maraq çox idi – 26 mindən çox şagird qeydiyyata düşdü. Amma ixtisas seçimi edənlərin sayı cəmi 11 246 oldu. Plan yerləri 8 min civarında idi. “Bal artımı olacaq” deyirdilər, amma olmadı.
Səbəb aydındır: DİM “Abituriyent” jurnalını gec nəşr etdi, seçim üçün az vaxt ayırdı, statistik məlumatları vaxtında vermədi.
Ucqar bölgələrdə jurnal vaxtında çatmadı, internet zəif olduğu üçün elektron variant da işləmədi, valideyn-abituriyent məsləhətləşməsi üçün vaxt olmadı.
Eyni səhv magistr qəbulu zamanı da olmuşdu, indi isə ali məktəb ixtisas seçimi üçün təkrarlanır.
Avqustun 11-də seçim başlayacaq, cəmi 9 gün vaxt var. Jurnal hələ çıxmayıb, statistik məlumat yoxdur. Belə qısa müddət və gecikmiş informasiya on minlərlə plan yerinin boş qalmasına gətirəcək. DİM bu yanaşma ilə həm universitetlərə, həm də abituriyentlərə ciddi ziyan vurur. Bu, texniki səhv deyil – idarəetmə problemidir”.
Nigar İxtiyarqızı