Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi Dilçilik şöbəsi son vaxtlar Tərcümə Mərkəzi tərəfindən “Orfoqrafiya” lüğətindəki bəzi sözlərin lazımsız, mənasının anlaşılmaması ilə bağlı iradlarına cavab verib.
Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi Dilçilik şöbəsi son vaxtlar Tərcümə Mərkəzi tərəfindən “Orfoqrafiya” lüğətindəki bəzi sözlərin lazımsız, mənasının anlaşılmaması ilə bağlı iradlarına cavab verib.
Şöbədən Publika.az-a verilən məlumatda bildirilib ki, son zamanlar mətbuatda və bəzi saytlarda 2013-cü ildə çap olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”i ilə bağlı fərqli münasibətlərə, müəyyən tənqidi yazılara rast gəlinir. Bu iradların bəziləri haqlı olsa da, böyük əksəriyyəti leksikoqrafiya nəzəriyyəsinə ziddir.
“Burada “qəliz ərəb, fars və rus sözləri, “ab”, “aba” və bu tip sözlər lüğətdə verilməməlidir; mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılmış, bəzən iki-üç şəkildə verilmiş ifadələrin verilməsi doğru deyil; lüğət əslində ümumişlək sözlərdən ibarət olmalıdır” kimi iddialar irəli sürülür. Leksikoqrafiya müəyyən nəzəri əsaslara söykənən dilçilik sahəsidir. Hər bir lüğətin öz funksiyası və buna uyğun tərtib prinsipləri vardır. Bu funksiya və prinsiplərdən irəli gələrək lüğətin sözlüyü müəyyənləşdirilir.
Bütün lüğət növləri içərisində ən demokratiki orfoqrafiya lüğəti hesab olunur. Bu norma bütün dillərin orfoqrafik prinsiplərinə tətbiq edilir. SSRİ Elmlər Akademiyasının 1978-ci ildə çap olunmuş “Rus dilinin orfoqrafiya lüğəti”nin ön sözündə deyilir: “Lüğət orfoqrafik sorğu kitabı olduğuna görə, buraya təkcə ümumişlək sözlər deyil, ədəbi dildə geniş işlənməyən, lakin bədii və xüsusi ədəbiyyatlarda olan elmi və elmi-texniki terminlər, danışıq leksikası və dialekt sözlər, köhnəlmiş sözlər, tarixizmlər və s. orfoqrafik normaya salınma ehtiyacı olan sözlər daxil edilir”. Daha sonra texniki terminlərin nəinki işlək olanlarının, hətta istifadədən çıxmış olanlarının da orfoqrafik maraq kəsb etdiyinə görə lüğətə salındığı qeyd edilir”.
Şöbədən bildirilib ki, Orfoqrafiya lüğətinin başlıca məqsədi sözün düzgün yazılışını vermək olduğundan, onu tərtib edən leksikoqraflar dilin aktiv və passiv fondunda olan cəmiyyətin bütün sosial və ictimai təbəqələrinin, yaşından və savadından asılı olmayaraq hər kəsin istifadə etdiyi bütün leksik vahidləri orfoqrafik normaya salaraq, vahid bir kitaba daxil etməlidirlər.
“Hər hansı bir tibbi və ya kimyəvi terminin orfoqrafik normaya salınmasını həkim və ya kimyaçı həyata keçirə bilməz. Çünki alınma sözlər transliterasiya edilərək Azərbaycan dilinin orfoqrafiya qanunlarına uyğunlaşdırılmalıdır. Məsələn, sonu qoşa samitlə bitən Avropa mənşəli alınma sözlər (express – ekspres, metall – metal, kongress – konqres və s.) bir samitlə yazılmalıdır və ya sonu -a ilə bitən alınma sözlər a-sız yazılır (атмосфера – atmosfer, идиома – idiom, пьеса – pyes və s.) və s. Yeri gəlmişkən, son zamanlar internetdə baş alıb gedən ingilis sözlərinin olduğu kimi verilməsi xüsusilə acınacaqlı haldır, çünki bu tip sözlər Azərbaycan dilinə transliterasiya olunmalıdır: on line – onlayn, off line – oflayn, komputer – kompüter, instagram – instaqram və s.”
Şöbədən o da bildirilib ki, orfoqrafik norma fonetik, morfoloji və tarixi prinsiplər əsasında müəyyənləşdirilir. Bunu isə yalnız mütəxəssis dilçilər həyata keçirə bilərlər.
“Tərcümə Mərkəzinin təqdim etdiyi söz siyahılarını nəzərdən keçirərkən, biz – Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşları – peşəkar lüğətçilər, çox təəccüb etdik. Çünki orfoqrafiya lüğətini ümumişlək sözlərdən ibarət sözlüyə çevirmək iddiası leksikoqrafiya nəzəriyyəsinin qanunlarına cavab vermir, bu, lüğətçilik işindən bixəbərlik kimi qəbul olunmalıdır. Belə bir lüğət, bəlkə də, məktəblilər üçün tərtib oluna bilər, lakin müxtəlif təbəqə və bilik səviyyəsinə malik geniş xalq kütləsi üçün istifadəyə yararlı deyil. Tərcümə Mərkəzinin təqdim etdiyi “aləmgir, aləmsuz, aləmşümul, aləmtab, alicah, aligövhər, alihümmət, aliqədr, alinəsəb, alinəsəblik, alişan, allaf, allafbazar, amadə, amadəlik, anən, anən-fəanən, aramgah, arifmetik, ariz, arizə, arzuman, arzumənd, asar, asari-ətiqə, asudəhal, aşiyanə, aşüftə, aşüftəhal, atəşbar, atəşxana” kimi ərəb və fars mənşəli sözlər klassik şair və yazıçılarımızın əsərlərində işlənib və hazırda əruz vəznində yazan şairlərin şeirlərində təsadüf edilir, eyni zamanda orta məktəblərdə ədəbiyyat kitablarında verilərək dərslərdə tədris edilir. Sual olunur: İnşa yazan məktəbli, şair və ya tədqiqatçı bu sözlərin düzgün yazılışını bilmək üçün nə etməlidir? Hansı kitaba, mənbəyə müraciət etməlidir? Qəliz quruluşlu ərəb və fars mənşəli söz və izafətləri orfoqrafik normaya salmamaq – bizi, elm və mədəniyyətimizi hara aparıb çıxarar?
Tərcümə mərkəzinin verdiyi başqa bir siyahıda “n” hərfi ilə başlayan sözlərlə bağlı şöbəmizin əməkdaşı aparıcı elmi işçi Nigar Ağayevanın araşdırmasını sizə təqdim edirik: 42 sözdən cəmi ikisi dördcildlik izahlı lüğətdə tapılmayıb. Qalan bütün sözlərin izahı var və onlara aid hətta yazıçı və şairlərin əsərlərindən misallar da lüğətdə öz əksini tapıb. Məsələn, nəqşə – S.Hüseyn; nəməkbəharam – Ə.Haqverdiyev, M.F.Axundzadə; nəməki – A.Səhhət; nəsrin – M.P.Vaqif, Q.Zakir; nihan – X.Natəvan, M.P.Vaqif, C.Cabbarlı; nəva – S.Ə.Şirvani, A.Səhhət, M.Müşfiq, S.Rəhman, Ü.Hacıbəyov; nisar – Füzuli, A.Ələsgər, N.Vəzirov, Ə.Haqverdiyev və s. Görəsən, bu qədər xalqın sevimliləri olan məşhur yazıçılarımızın, şairlərimizin əsərlərində öz əksini tapmış sözlər niyə orfoqrafiya lüğətinə salınmamalıdır?”.
Orfoqrafiya lüğəti ilə bağlı mübahisələrə aydınlıq gətirən dilçilər bildirir ki, leksikoqrafiya nəzəriyyəsində qəbul olunmuş qaydaya görə, dialekt və danışıq leksikasından orfoqrafiya lüğətinə yalnız bədii ədəbiyyatda işlənmiş nümunələr salınır.
“Mərkəzin təqdim etdiyi dialekt və ara sözlərinin böyük əksəriyyətinin izahını 2006-cı ildə nəşr olunmuş dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”ndə tapmaq olar. İzahlı lüğətə baxmadan bu sözləri geniş ictimaiyyətə təqdim etmək ən azından məlumatsızlıqdan xəbər verir: “Alaməzhəb, alanqu, alapələngi, ala-pörtü, alaşıq-dolaşıq, alışdımyandım, allaflıq, alverxana, amalqalaşmaq, ambıl, ambır, ambırağız, anarı, andıraqalma, andıraqalmış, anqutboğaz, anrı, anrı-bəri, ap-alaca, ara-axtar, araqlama, araqlamaq, aravuranlıq, arayatı, arıq-cırıq, armudağız, armudboğaz, arva, arvadağızlıq, arvadcıq, arvadoğlu, arvadsevən, arvadyosunlu, arvalı, asfaltsifət, aşbaşı, aşnabaz, atağız, atağızlı, atbalaxanım, atçənə, atqulağı, atsifət, avanmaq, avara-heyvərə, ayın-şayın, ayışma, ayışmaq, aynıtma, aynıtmaq, aynıyıb-artmaq, azcana, azğın-xətakar, azıb-təzmə, azıb-təzmək, azın-mazın, azışdırma, azışdırmaq, azışma, azışmaq, azıtma, azıtmaq”.
Tərcümə Mərkəzi aşağıdakı terminlərin lüğətdə verilməsinin lüzumsuz olduğunu göstərir: “Aerodinamiki, aerofotometr, aerofototopoqrafiya, aerogeologiya, aerohidrodinamika, aerohidromexanika, aerohidromexaniki, aeroion, aeroionizasiya, aeroionizator, aeroionlaşma, aeroionterapiya, aerokarpiya, aeroqlavimetr, aeroqraf, aeroqrafiya, aerolift, aerolit, aeromaqnit, aeromaqnitamper, aeromaqnitometr, aeroponika, aerostatika, aerotaxometr, aerotenk və s.”. Sual olunur: niyə və hansı əsasla? Bu sözlərin düzgün yazılışını bilmək istəyən kəs hansı kitabı harda axtarıb tapmalı və hara getməlidir? Bakı Aviasiya Akademiyası, Bakı Aviasiya kolleci və bir çox ali təhsil müəssisələri vardır ki, bu terminlər onların dil bazasının əsaını təşkil edir. Bu leksik vahidlərin düzgün orfoqrafik yazılışını bilmək üçün onlar hansı elmi mənbəyə müraciət etməlidirlər? Bu siyahıda bir sözlə razılaşmaq olar ki, “avtorota” avto yunan və rota rus mənşəli olub, dilimizdə “avtobölük” kimi qəbul olunub.
Şöbəmiz hal-hazırda yeni orfoqrafiya lüğəti üzərində çalışır. Görülən işlər bəzən süni şəkildə mürəkkəbləşdirilmiş sözləri və iki variantda verilmiş leksik vahidləri üzə çıxardı. Lakin Tərcümə Mərkəzinin tərtib etdiyi uzun söz siyahılarının heç bir elmi əsası yoxdur, siyahılardakı sözlər bizim dilimizdə var və leksikoqrafiya nəzəriyyəsinə əsasən, bədii ədəbiyyatda, mətbuatda, dərsliklərdə, elmi ədəbiyyatlarda, rəsmi və danışıq dilində işlənən bütün normativ leksik vahidlər orfoqrafiya lüğətinə salınmalıdır. Orfoqrafiya lüğətinə yalnız qeyri-normativ leksika salınmır”.
Cavabda o da vurğulanır ki, leksikoqrafiya dilçiliyin ən qədim sahələrindən biridir. Azərbaycanda lüğətçilik ənənəsi XIII əsrə gedib çıxır: İbni-Mühənnanın “Kitabi-məcmuei-tərcümani-türki, farsi və moğili”, Fəxrəddin Hinduşah Naxçıvaninin “Əs-Sihahü-l-Əcəmiyyə” farsca-türkcə və Hüsaməddin Xoyun “Tövheyi-Hüsam” mənzum farsca–türkcə lüğətləri. Müqayisə üçün qeyd edək ki, ingilis lüğətçiliyi XV əsrdən başlayır, yəni bizim lüğətçilik tariximiz daha qədimdir.
XX əsrdə tərtib olunan lüğətlərimiz rus leksikoqrafiyası təcrübəsi ilə yaradılsa da, Azərbaycan dilçiliyinin bütün nailiyyətlərini özündə tamamilə əks etdirir və dilimizin inkişafına xidmət edir. Bu dövrdə Stalin adına Dövlət mükafatına layiq görülmüş H.Hüseynovun redaktəsi ilə “Rusca-azərbaycanca lüğət”, Ə.Orucovun redaktoru olduğu dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”, M.Tağıyevin dördcildlik “Azərbaycanca-rusca lüğəti”, etimoloji, dialektoloji, terminoloji, sinonimlər, antonimlər, tezlik, yazıçı dili lüğətləri, tərcümə lüğətləri – saymaqla bitməyən diaxron və sinxron aspektdə lüğət adları və növləri, nəticə etibarilə, Azərbaycan dilçiliyində lüğətçilik ənənəsi yaratmış və müasir dövrdə bu sahədə yazılan dissertasiya və monoqrafiyalar həm nəzəri, həm də tətbiqi yöndən inkişafına təminat verir.
Leksikoqrafiya nəzəri əsası olan elm sahəsidir. Lüğət sadəcə söz siyahısı olmayıb, leksikologiya, semasiologiya, etimologiya, üslubiyyat kimi dilçilik sahələrinin mücərrəd məntiqi planda işlənmiş ümumi nəzəriyyələrinə əsaslanır.