“Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də…”backend

“Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də…” – Şirvanda namizədlər arasında QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

51 saylı Şirvan seçki dairəsində qalmaqal davam edir. 

Tribunainfo.az xəbər verir ki, Ümid Partiyasının təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəf təmsilçi Peyman Sadıqov hakim partiyadan olan rəqibi, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovu onun plakatlarını yararsız hala salmaqda ittiham edir.

P.Sadıqov Pravda.az-a açıqlamasında H.Əsədov barədə bunları deyib: “Artıq bununla 4-cü faktdır ki, plakatlarım cırılır. Hazırda Şirvandayam, məntəqələri gəzirəm. Yapışdırılan plakatlarım eyni yerdən cırılır. Şəklim qalır, amma aşağıda hansı partiyanın təşəbbüsü ilə namizədliyimin irəli sürülməsi barədə məlumatlar yazılan hissə məqsədli şəkildə cırılır. Heydər Əsədovun adamlarından şübhələnirəm. Son vaxtlar mənə qarşı təxribat aparırlar. Gözügötürməzlik var. Sadəcə, mübarizəni belə formada edirlər. Bu, mübarizə üsulu deyil. Heydər Əsədovu debata dəvət edirəm. Mübarizə aparmaq istəyirsə, gəlsin, debata çıxaq, təkliflərimizi verək, Şirvanımızın gələcəyi üçün lazımi addımlar atılsın. Əsas budur ki, qazanan şirvanlılar olsun. Təxribatlar dairədə yalnız mənə qarşıdır, digər namizədlərə olunmur. Bir neçə gün öncə mənə qarşı aparılan çirkin kampaniya ilə bağlı ölkə rəhbərliyinə çoxsaylı müraciətlərimdən sonra dünən məntəqələrdən birinin qarşısında, hətta digər namizədlərin də şəkillərini cırıb atıblar. Sanki izi azdırmaq üçün məqsədli şəkildə edirlər ki, fikirlərim yayınsın. Yəni “Bax, problem tək səninlə bağlı deyil, başqa namizədlərin də şəkillərini qoparırlar…”

 

P.Sadıqov bildirib ki, şikayətləri cavabsız qalmayıb: “Şirvan polis idarəsinin rəisi Fizuli Əhmədov çox yüksək səviyyədə məni qəbul etdi, dinlədi. Artıq postların olduğunu bildirdi ki, hamısı nəzarətə götürülüb. Bu istiqamətdə işlər davam edir. Şəkillərin yararsız vəziyyətə salınmasında əli olan şəxslər kimliyindən asılı olmayaraq layiqli cəzalarını alacaqlar”.

 

O, Şirvanı təmsil edən VI çağırış Milli Məclisin deputatı İltizam Yusifovun da fəaliyyətindən danışıb: “O, şirvanlıdır. Bir çox problemləri parlamentdə qaldırıb. Amma bəzi məsələlər deputatdan asılı deyil. Məsələn, milyonlarla manat ayrılmasına baxmayaraq Şirvan şəhər stadionu bu gün çox bərbad, illərdir, baxımsız vəziyyətdədir, tikintisi yarım qalıb. Küçələrdə sahibsiz itlər çoxdur. Yollar pis vəziyyətdədir, kanalizasiya sistemi məhv olub. İşsizlik problemi həddən çoxdur. Müsbət hallar da var. Məsələn, polis rəisi yeni təyin olunmasına baxmayaraq, xeyli iş görüb. Narkotikin qarşısı maksimum alınır. Gənclərin asudə vaxtlarının təşkili istiqamətində isə mərkəzlər yoxdur. İnsanlar işsizlikdən çayxanalarda otururlar, pis vərdişlərə meyil göstərirlər. Seçkiyə inamsızlıq yaradıblar. Adamlar seçkiyə gəlmək istəmirlər. Deyirlər ki, ay Peyman müəllim, onsuz da Heydər Əsədov seçilib də. Deyirəm ki, səsinizi müdafiə edin, hüququnuzu tanıyın. Heydər Əsədov illərlə Şirvanın qapısını tanımayıb. Bu gün isə gəlib ki, Şirvandan namizədəm. Şirvanda onu çoxları istəmir. Adi zalı doldura bilmir. Əsədov ancaq Yeni Azərbaycan Partiyasının qərargahında görüşlər keçirir. Nə vaxt gəlir, nə vaxt gedir, heç rayon camaatının xəbəri olmur. Partiyada təmsil olunan şəxslərlə görüşlər keçirir. İllərlə nazir, Hesablama Palatasının sədri işləyəsən, nüfuzun çatmaya ki, 100 nəfərlə zalı doldurasan, insanları başına yığasan. Deməli, səni istəmirlər. 5-6 nəfəri yığıb şəkil çəkdirməklə deyil. İş görmək lazımdır. Saytlarda verirlər ki, guya bütün şirvanlılar Heydər Əsədovu dəstəkləyir. Xahiş edirəm, gəlin 5 nəfər Şirvan sakinini danışdırın, görün hansı onu istəyir? Heydər Əsədovun komandası ilə heç bir danışıqdan söhbət gedə bilməz. Görünən kəndə nə bələdçi? Şirvan camaatına səslənirəm. Öz içimizdən olan, Şirvanın qayğısına qalan birinə səs versinlər”.