“Artıq insanlar başa düşür ki, peşə təhsili müəssisələrinə getməlidirlər”.
Tribunainfo.az xəbər verir ki, bunu deputat Fatma Yıldırım Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına təklif olunan dəyişikliklə bağlı çıxışında bildirib.
“Bu gün dövlətimizin əsas siyasəti işaldan azad olunmuş əraziləri yenidən qurmaqdır. Kənd və şəhərlərimiz yerlə-yekan olmuşdu. Bu istiqamətdə görülən işlər göz qabağındadır. Görülən işlər dünyaya mesajdır ki, biz qayıtmışıq. Təhsil spektrı da burda önəmli sahələrdən biridir. Bərdədəki peşə məktəbinin açılışından danışsaq, doğrudan da müasir standartlara cavab verən peşə məktəbidir. 2021-ci ildə açıldı və neçə ildir fəaliyyət göstərir.
Peşə təhsilinə yalnız gənclər yox, orta yaşlı insanlar da müraciət edirlər. Artıq əmək bazarında özünü təsdiq etmiş şirkətlər normativlərində bu ixtisas sənədi tələb olunur. Ona görə də artıq insanlar başa düşür ki, peşə təhsili müəssisələrinə getməlidirlər. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük inşaat alanı sayılır. Oradakı müəssisələrlə də bu peşə məktəbində təhsil almış, məzun olmuş şəxsləri işlə təmin etməlidirlər. İnsanlar Bərdədə peşə məktəbini oxuyur, müvəffəqiyyətlə bitirir, amma hara müraciət etməlidirlər? Qeyd olundu ki, orada məşğulluğun nümayəndələri bildirir ki, çoxlu vakansiyalar var. Amma insanlar buna çata bilmirlər. Mən belə millət vəkili olaraq müraciət edəndə deyirlər ki, öncəliklə məskunlaşmış insanlara üstünlük veririk. Bu, gözəl addımdır, amma orada məskunlaşmaq istəyən insanlar da var. Tək təhsil verməklə deyil, təhsil almış insanlar bundan sonrakı gələcəklərini görmək, bunun qarantiyasını istəyirlər”, – deyə deputat bildirib.