“Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanır”. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib ki, qanun layihəsi Komitənin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib. Bəxtiyar Əliyev vurğulayıb ki, qanun layihəsinin hazırlanması istiqamətində işlər gedir, bəzi dəqiqləşmələr aparılır: “Yəqin ki, yaz sessiyası müddətində də bu layihə üzərində iş davam etdiriləcək”.
Komitə sədri əlavə edib ki, qanun layihəsinin hazırlanması üçün hələ İşçi Qrup yaradılmayıb:
“İşçi Qrupun yaradılması nəzərdə tutulur. Çünki bütün materialların toplanması ilə bağlı həm şöbələr, həm də komitə üzvləri işləyirlər. Biz həm də ictimaiyyətin rəyini nəzərə alırıq, cəmiyyətdə gedən prosesləri izləyirik”. Xatırladaq ki, “Vətənpərvərlik haqqında” qanun layihəsi bir neçə ay öncə də gündəmə gəlmiş və müzakirələrə səbəb olmuşdu. Məsələ ondadır ki, bəhs edilən qanun layihəsinin önəmini vurğulayanlarla yanaşı, hiss və duyğuların qanunla tənzimlənməsinin qeyri-mümkün və anlaşılmaz olduğunu iddia edənlər daha çoxdur. Aylar öncə qanun layihəsi ilə bağlı qəzetimizə danışan millət vəkili Fazil Mustafa da məsələyə fərqli yanaşmışdı. Deputat bildirmişdi ki, onun üçün vətənpərvərlik tərbiyəsinin qanunla həyata keçirilməsi bir az aydın deyil: “Bir qədər fərqli baxışım var. Bəlkə də orada hansısa müddəalar var, amma bizim üçün aydın deyil. Qanun layihəsi ilə tanış olmadığım üçün deyə bilmərəm. Amma prinsipcə, vətənpərvərliyin qanunla tənzimlənməsi mənə qəribə gəlir”.
TİA.AZ xəbər verir ki, təkrar gündəmə gətirilən qanun layihəsi barədə fikirlərini “Şərq”lə bölüşən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov vətənpərvərliklə bağlı xüsusi qanunverici akta qətiyyən ehtiyac olmadığını düşünür. Ekspertin qənaətincə, bəzi deputatlarımız fərqli qanun layihələri təklif etməklə Ginnesin Rekordlar Kitabına düşmək niyyətindədir:
“Azərbaycanda vətənpərvərliklə bağlı ayrıca qanuna heç bir ehtiyac yoxdur. Kontstitusiyamızda, çoxsaylı qanunlarımızda dövlətə və xalqa layiqli xidmət məsələsi öz əksini tapıb. Şəxsən mənə görə çox absurd layihədir. Qanunvericilikdə əks olunması zəruri olan xeyli vacib məsələlər var. Yeni dəb düşüb, çoxları oturub-durub, “son reallıqdan, mövcud reallıqdan” danışırlar. “Son reallıq” bizə deyir ki, Vətəni ikiəlli yox, dördəlli sevmək lazımdır?! Axı nə dəyişib, daha doğrusu, mənfiyə doğru nə baş verib? Əksinə, 44 günlük Vətən müharibəsindən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra insanların vətənpərvərlik duyğusu, torpağa məhəbbəti, orduya sevgisi dəfələrlə artıb. Qanun layihəsi mənə çatmır. Ümumiyyətlə, belə qanunları müzakirəyə çıxarmaq, vaxt aparmaq lazım deyil. Dinimiz də, konstitusiyamız da hər bir insana Vətən sevgisini aşılayır. Vətənpərvərliyi qanunvericilik formasına salmağı lüzumsuz sayıram. Deyəsən, bekarçılıqdır, bilmirlər nə işlə məşğul olsunlar. Tutaq ki, kimsə vətənpərvər deyil, bunu necə, hansı mexanizmlə müəyyən edəcəklər və ona hansı cəza veriləcək? Heç bir xarici ölkədə bənzər qanun yoxdur. Dünyanı özümüzə güldürməyək. XXI əsrdə bu, nə yanaşmadır?”.
Ü.Cəfərov vurğulayıb ki, qanunlar konkret məsələləri tənzimləmək üçündür:
“Ölkədə hansısa sahə ilə bağlı boşluq, çatışmazlıq olmalıdır ki, onunla bağlı ayrıca qanun layihəsinə ehtiyac duyulsun. Belə çıxır, Azərbaycanda vətənpərvərliklə bağlı boşluq var və biz onu qanunverciliklə tənzimləmək istəyirik. Şükür Allaha, Azərbaycan xalqının Vətən sevgisi çox yüksək səviyyədədir. Vətəndaş bunu sübuta yetirmək üçün nə etməlidir, yolda gedərkən “Vətəni sevirəm” deyə qışqırmalıdır?! İstənilən məsələni ciddi əsaslandırmaq lazımdır”.