Ölkədə valyuta satışı iyun ayı ilə müqayisədə iyulda 420,7 milyon ABŞ dolları və ya 51% artıb. Devalvasiya ilə bağlı gözləntilər artıqca, valyutaya təlabat da yüksələcək – bu qaçılmazdır. Ancaq bu artıma təsir edən başqa səbəblər də var.
Tribunainfo.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, iyul-avqust aylarında həmişə valyutaya təlabat artır, çünki, ölkədə yeni təhsil ilinə hazırlıq başlayır:
“Məmləkətdə ümumi təhsil müəssisələrində 1 milyon 700 minə yaxın şagird təhsil alır, 232 minə yaxın tələbə, 151 min nəfər də müəllim var.
İki borudan asılı olan primitiv Azərbaycan iqtisadiyyatında istehsal yox dərəcəsindədir, adi qələm, pozan, çanta – bir sözlə məktəb ləvazimatının 90-95%-i xaricdən gətirilir. Hələ bunun geyimi də var, corab belə istehsal edə bilməyən ölkəmiz şagird-tələbə-müəllimlərin geyiminə də valyuta xərcləyib idxal edir.
Azərbaycanın indi 1 nömrəli problemi iqtisadiyyatdır, məsələ odur ki, iradəetmə sistemində köklü islahatlar olmasa, iqtisadi-sosial sahədə atılan addımlar effekt vermir-verə də bilməz”.
Nigar