Azərbaycanda COP29 konfransının keçirilməsi ilə bağlı dərslərin tədris günlərində dəyişiklik edilə bilər. Tribunainfo.az xəbər verir ki, bu barədə mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, COP29-la əlaqədar oktyabrın sonu-noyabrın əvvəllərində Azərbaycana 100-dən çox ölkədən 80 mindən artıq qonağın gəlməsi gözlənilir. Konfransda iştirak üçün 100-ə yaxın ölkənin baş naziri və prezidentinin də Bakıya səfər edəcəkləri qeyd edilir. Bu səbəbdən təhsil sektorunda tədrisin vaxtının dəyişdirilməsi böyük ehtimalla gündəmə gələcək. Məqsəd isə trafikin azaldılması və təhlükəsizlik tədbirlərinin daha optimal şəkildə həyata keçirilməsidir.
Mənbə qeyd edir ki, bununla əlaqədar olaraq dərslərin sentyabrın 1-də başlaması güman olunur. Dərsləri 15 gün irəliyə çəkməklə noyabr ayında məktəblərə bir aylıq tətilin verilməsi reallaşa bilər.
O da qeyd edilir ki, Elm və Təhsil Nazirliyi hazırda bu təklifl üzərində çalışır. Yayın ortalarında isə qərarın qəbul ediləcəyi və rəsmi açıqlama veriləcəyi qeyd olunur.