Deputatlıq yarışından geri çəkilən namizədlər — ADLARbackend

Deputatlıq yarışından geri çəkilən namizədlər — ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri üzrə namizədlərin verilməsi prosesi davam edir. Son məlumata görə namizədliyini verənlərin sayı 1255 nəfərdir. Lakin namizəd olub, hətta imza toplayıb sonradan namizədliyini geri çəkənlər də var. Onlar arasında bir çox tanınmış siyasətçilərə belə rast gəlmək mümkündür.

Bizim.Media əvvəlcə namizədliyi irəli sürülüb, sonradan geri çəkilən siyasətçiləri araşdırıb:

İqbal Ağazadə

Namizədliyini verib, sonradan geri çəkilənlərdən biri Ümid Partiyasının sədri İqbal Ağazadədir. İyulun 9-da İqbal Ağazadə 36 sayılı Xətai-Suraxanı seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib. Lakin bir həftdədən sonra o namizədliyini geri götürüb. İ.Ağazadə bu qərarını rəhbərlik etdiyi partiyanın İdarə Heyətinin onun bu dəfə keçiriləcək seçkilərdə iştirak etməsinə ehtiyac görməməsilə əsaslandırıb:

“Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.

Vahid Əhmədov

Namizədliyini geri götürənlərdən biri də Vahid Əhmədovdur. Vahid Əhmədov namizədliyini 59 saylı Quba seçki dairəsindən irəli sürmüşdü. Qeyd edək ki, sözügedən seçki dairəsində son 4 çağırış deputat seçilən Vahid Əhmədov iyulun 28-də namizədliyini geri götürdüyünü elan edib. Siyasətçi kifayət qədər yaşının olduğunu, ailəsi və yaxınlarının ona istirahət etməyi tövsiyə etdiyini bildirib.

Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da Milli Məclisə növbədənkənar seçkilərdə namizəd olduğu 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini geri çəkməsi ilə bağlı qərar qəbul edib.

“ADP tərəfindən namizədliyimin irəli sürüldüyü 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən olan seçicilərin gözləntilərinə seçiləcəyim təqdirdə indiki xarici və daxili şərtlərdə cavab verə bilməyəcəyimi və bunun da milli maraqlara uyğun olmayacağını nəzərə alaraq partiya rəhbər strukturlarının razılığı əsasında seçkilərin bundan sonrakı mərhələsində iştirak etməkdən imtina ilə bağlı qərar verirəm”.

Elşad Paşasoy

75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini verən jurnalist Elşad Paşasoy da seçki marafonunda yarışı dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Aygün Maniyeva

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün açıqladığı namizədlər siyahısında dəyişiklik edib. İyulun 17-də YAP İdarə Heyətinin qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb.

YAP-dan bildiriblər ki, İdarə Heyətinin 2024-cü il 19 iyul tarixli qərarı ilə Maniyeva Aygün Şaitdin qızı başqa namizədlə əvəz edilib. Belə ki, növbədənkənar parlament seçkilərində YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsindən Piriyeva Pərvanə Əlövsəd qızı təmsil edəcək.