Sabiq deputat Tahir Süleymanovun oğlu sentyabrda keçiriləcək parlament seçkilərində atasının dairəsindən namizəd olacaq. Tribunainfo.az xəbər verir ki, Mahir Süleymanlı YAP-ın 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsindən namizəddir.
YAP Səbayel rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü olan Mahir Süleymanlı, eyni zamanda parlamentdə işləyib. Onun konkret olaraq hansı postu tutduğu dəqiq bilinməsə də, böyük ehtimalla, atasının sayəsində vəzifə sahib olduğu sirri deyil.
İlk baxışdan ciddi görkəmli görünən bu cavan namizəd, sən demə, heç də “az aşın duzu” olmayıb. Elə özünün sosial şəbəkə hesablarından belə görünür ki, Mahir Süleymanlı maşın həvəskarıdır.
Hətta paylaşdığı maşınların fotolarından da aydın olur ki, deputat oğlu bahalı maşınlara daha çox meyl salıb. Elə sürdüyü “Lexus” markalı avtomobilin qiymətini qeyd etmək kifayətdir ki, onun hansı səviyyədə bahalı “oyuncaq”lara marağı olub.
Lakin Şabrandan gələn xəbərlərdə deyilir ki, Mahir Süleymanı atasının deputatlığı dövründə, daha gənc yaşlarında rayonda az “at oynatmayıb”. Məsələn, onun Şabran və Xaçmazda “avtoşluq” etdiyinə dair iddialar var. Hətta deyilir ki, bu hərəkətlərinə görə, yerli sakinlər, o cümlədən yerli rəsmilər Tahir Süleymanova şikayət belə ediblər. Ondan oğlunun “ipini yığıması”nı xahiş ediblər.
Deyilir ki, Mahir Süleymanlının bu hərəkətləri atasını sonda ciddi addım atmağa vadar edib. Belə ki, o, oğlunu Bakıya aparmaq və orada yaşaması qərarını verib. Amma deputatlığa namizədin Bakıda Xaçmaz və Şabrandakı kimi olmasa da, ara-sıra “qurdunu öldürdüyü” deyilir.
Qarşı tərəfi dinləməyə hazırıq.