Deputata məxsus olduğu deyilən şirkət 157 minlik tender qazandı

Deputata məxsus olduğu deyilən şirkət 157 minlik tender qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialı “Ultra Technologies” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo-nun məlumatına görə, şirkət Universitetin İnformasiya Kommunikasiya Texmologiyaları (İKT) avadanlıqlarının və ləvazimatlarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Müqavilədən aydın olur ki, şirkətdən 156 770,08 manatlıq avadanlıq və ləvazimat alınacaq.
Bu tenderin diqqətimizi çəkməyin səbəbi “Ultra Technologies” şirkətinin əsl sahibinin kimliyi ilə bağlı iddialardır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Ultra Technologies” MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.
O, eyni zamanda MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 2 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 25-də yerləşir.
Məhəmməd Zülfüqarlı hər iki şirkətin rəhbəri olsa da, sahibi deyil. Bu şirkətlərin sahibi kimi deputat Tahir Mirkişilinin adı çəkilir.
Tahir Mirkişilinin tərcümeyi halında onun 2000-2011-ci illərdə “Ultra Computers” MMC-də mühəndis, daha sonra direktor vəzifələrində işlədiyi göstərilir.
Araşdırmalarımız zamanı məlum olub ki, “Ultra Technologies” MMC 2016-cı ilə qədər “Ultra Computers” MMC adı altında fəaliyyət göstərib.
Yeri gəlmişkən, şirkətin hüquqi ünvanının Sumqayıtda yerləşməsi təsadüfü deyil. Tahir Mirkişili bu şəhərdə yaşayıb, hazırda da Sumqayıtın deputatıdır.
MSM MMC-yə gəlincə, bu şirkət SMS satışını həyata keçirir.
Tikinti sektorunda fəaliyyət göstərən “Absheron City” Mənzil-Tikinti Kooperativinin (MTK) də deputata bağlılığı var. MKT-nın rəhbəri Tahir Mirkişilinin qardaşı Şahin Mirkişilidir. Ötən ay mediada yayılan məlumatlara görə, sözegedən MKT-nin külli miqdarda vergi borcu olduğuna görə deputatın qardaşının ölkədən çıxışı məhdudlaşıdırlıb.
Beləliklə, aydın olur ki, Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı ilə qarşıdan gələn parlament seçkilərinə qatılan Tahir Mirkişili biznes fəaliyyətində heç də digərlərindən geri qalmır. Qanunvericilik isə deputatın bizneslə məşğul olmasını qadağan edir.