Deputat yaşıllığı məhv edənlər və binaların sütunlarını dağıdanlara qarşı tədbir görülməsi üçün çağırış etdibackend

Deputat yaşıllığı məhv edənlər və binaların sütunlarını dağıdanlara qarşı tədbir görülməsi üçün çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ müstəqilliyin ilk illərindən əlində imkanı olanlar, vəzifəli şəxslər yaşıllıqların canına düşüblər. Məgər bu ağacları kasıb əhali kəsir? Kəsənlərin hamısı sahibkarlar, vəzifəli şəxslərdir. Nərimanov rayonu ilə bağlı yayılan xəbərlər barədə konkret məlumata malik deyiləm. Amma ümumi vəziyyət çox çətindir. Bilirik ki, vaxtilə Heydər Əliyev də, hazırda Prezident İlham Əliyev də daim yaşıllaşdırma işləri həyata keçiriblər. Milyonlarla ağac əkilib, hər yer yaşıllaşdırılıb. Ölkəmiz meşə sahələrinə görə zəif mövqedədir. Şəhərlərdə də yaşıllaşdırma işləri aparılıb. Yol kənarları yaşıllaşdırılır. Amma sanki kimsə bunun düşmənidir. Pul verib danışır, kimləsə “əldir”, yaşıllığı, on illərlə əmələ gəlmiş ağacları kəsib tökür, yerində özünə obyekt, yaşayış binası tikir, binaların sütunlarını dağıdır və s. Aidiyyəti orqanlar bu məsələlərlə ciddi məşğul olmalıdırlar. Bunu millət vəkili kimi, həm də bir vətəndaş kimi tələb edirəm”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“Sanki düşməndirlər. Axı yaşıllıq bizim nəfəsimizdir, tənəffüssümüzdür, bütün millətə, dövlətə məxsus sərvətdir. Hansısa məmurlar, sahibkarlar belə davranmamalıdırlar. Yaxud da hansısa dövlət orqanının işçisi onları himayə etməməlidir. Həm Cinayət, həm də İnzibati Xətalar Məcəlləsində bu cür hallara qarşı olduqca ciddi maddələr, sanksiyalar var. Deməli, bu cinayəti törədənlər dövlətin qanunundan da qorxmurlar. Eyni zamada dövlət rəhbərliyi, şəxsən dövlət başçısı bu işlərə qarşı həmişə kəskin, yüksək səviyyədə mübarizə aparıb, xəbərdarlıq edib. Bəs nə üçün buna əməl olunmur? Ayrı-ayrı məmurlar niyə bunu həyata keçirə bilmirlər? Əllərinə fürsət düşən kimi sanki yağıdırlar, belə işlərlər məşğul olurlar. Qarşısı alınmalıdır!”, – deputat bildirib.

Qeyd: Mətbuatda Nərimanov rayonu, Faiq Yusifov küçəsi 125-131 ünvanında tikinti normaları pozularaq çoxmərtəbəli yaşayış binasının ana divarlarının sökülüb obyektə çevrilməsi,  ərazidə yaşıllığın məhv edilməsi barədə məlumatlar yayılıb.