Azərbaycan illərlə dəhşətli faciələrin şahidi olub, torpaq itgiləri yaşayıb, zülmlər görüb. Gördüyü bu zülmlər qarşılığında Azərbaycan dünyadan ədalət gözləyib həmişə. Ancaq ədaləti, hüququ, insan haqlarını öz inhisarlarına çevirən bəzi güclər heç vaxt ədalət axtarışında olmayıblar, heç vaxt ədaləti bərqərar etmək üçün çalışmayıblar. Bu gün ədalət kəlməsi Qərbin ancaq dilindədir.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında deputat Vüqar İskəndərov bildirib. 26 fevral dəhşətindən danışan millət vəkili bildirib ki, Xocalı soyqırımı dünyanın utanc yeridir:
“Heç bir günahı olmayan körpələr, qadınlar, yaşlılar həmin gün insanlığın heç vaxt görmədiyi vəhşiliyə məruz qalıb. İnsanların diri-diri yandırılması, gözlərinin çıxarılması, ananın gözü önündə övladının öldürülməsi, uşaqların başının kəsilməsi kimi vəhşilikləri edənlər heç bir cəzasız illərlə yaşayıblar. Şükürlər olsun ki, Azərbaycan ədaləti özü bərqərar etdi. Ali baş komandanımızın uzaqgörən siyasəti, zəkası, Ordumuzun gücü, qəhrəmanlığı, xalqımızın birliyi sayəsində biz bu qələbəni qazandıq. Biz indi dünyanın ən qürurlu xalqlarındanıq.
Bu gün ilk dəfədir ki, bu faciənin il dönümünü Xocalıda Azərbaycan bayrağı altında dərin kədərlə qeyd edirik. Azərbaycan bütün bunları öz gücü hesabına edir.
Ancaq dünyanın gözü hələ də kordur, qulağı kardır, dili laldır. Xristian klubunun üzvləri, təəssübkeşlər hələ də işğalçını, terrorçunu, vəhşiləri müdafiə etməklə məşğuldur. Çünki onlar Cənubi Qafqazda Azərbaycanı güc kimi görmək istəmirlər. Türkün artan gücünün qarşısını almaq istəyirlər. Dünyanın, Qərbin Azərbaycanın dünyaya çatdırmaq istədiyi həqiqətləri görməmə səbəbi budur. Qərb Azərbaycanın, Türkiyənin gücünün artmasını istəmir. Onların məqsədi Ermənistanı qoruyub saxlamaq, hər vəchlə inkişaf etdirməkdir.
Ancaq dünya istəməsə də, həzm edə bilməsə də artıq Azərbaycanın gücünü qəbul etməyə başlayıb. İndi gənclərimizin üzərinə o yük düşür ki, onlar bu hadisələrin bir daha başımıza gəlməməsi üçün daha vətənpərvər, daha güclü, daha qətiyyətli olmalı, özlərini inkişaf etdirməli, suveren Azərbaycanın adını dünya durduqca yaşatmalı, bunun üçün çalışmalıdırlar”.”.
Nigar İxtiyarqızı