Deputat Məşhur Məmmədov yeni seçkilərdən danışdı: Əminəm ki…

Deputat Məşhur Məmmədov yeni seçkilərdən danışdı: Əminəm ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Parlament seçkilərinin növbədənkənar keçirilməsi təşəbbüsünün irəli sürülməsinin səbəbi hakim partiya tərəfindən izah olundu. Azərbaycan noyabrda BMT-nin İqlim Dəyişikliyi konfranslarına ev sahibliyi edəcək və eyni vaxtda seçki keçirmək ikiqat yük deməkdir. Ona görə seçkilərin iki ay tez keçirilməsi təklif olunur və Prezidentdən parlamentin buraxılması, yeni seçki təyin olunması xahiş olunur. Hesab edirəm ki, bu müraciət müsbət qarşılanacaq və cənab Prezident yeni seçkilərin tarixini elan edəcək”.
Bu sözləri millət vəkili Məşhur Məmmədov Tribunainfo.az-a bildirib. Deputatın sözlərinə görə, noyabrda həm seçkilər keçirmək, həm COP29 tədbirlərinin yüksək səviyyədə təşkilini reallaşdırmaq çətinlik yarada bilərdi: “Eyni zamanda, bu il ilk dəfə bütün Azərbaycanda, azad edilən ərazilərdə Zəfər seçkisi keçirildi, cənab İlham Əliyev Xankəndidəki seçki məntəqəsində səsvermə hüququndan istifadə etdi, eləcə də ilk dəfə parlament seçkiləri bütöv vətənimizdə baş tutacaq: “Prezident seçkisi kimi parlament seçkiləri də azad şəraitdə, şəffaf keçiriləcək və suverenliyini təmin etmiş Azərbaycanın Milli Məclisinin yeni tərkibi olaraq fəaliyyətə başlayacaq. Hazırkı parlament də öz işini uğurla həyata keçirib, Milli Məclis millətin istəklərinin ifadə olunduğu tribuna olub, hər zaman vətəndaşları maraqlandıran məsələləri iclaslarda qaldırmışıq, çoxsaylı qanun layihələri qəbul edilib, bir sözlə, indiki Milli Məclis kifayət qədər aktiv işləyib, özünü doğruldub. Əminəm ki, yeni parlament də fəal olacaq, qanunverici orqan olaraq fəaliyyətini daha da yaxşılaşdıracaq, çoxlu qərarlar qəbul ediləcək, qanunlar qüvvəyə minəcək. Hər kəsə bu seçkilərdə uğurlar arzulayıram”.