Qanuna edilən dəyişikliyə əsasən, növbəti ildən heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığortanın xidmətlərindən istifadəyə görə ödəniş edəcəklər. İşi və gəliri olmayan insanların tibbi sığortanı necə ödəyəcəyi məsələsi qaranlıqdır. Həmin şəxslərin sığorta haqları ləğv edilirsə, işsiz, rəsmi gəliri olmayan insanların tibbi sığortasını kim ödəyəcək? Bu kateqoriyadan olan təqaüd almayan tələbələrin problemi də narahatçılıq doğurur. O qədər işsiz, qeydiyyata düşə bilməyən insanlar var. Onların sağlamlığını düşünmək lazımdır.
Bu sözləri Tribunainfo.az-a deputat Tənzilə Rüstəmxanlı növbəti ildən işləməyən, sahibkarlıq fəaliyyəti olmayan şəxslərin icbari tibbi sığorta xidmətlərindən istifadəsinin ödənişli olmasına münasibət bildirərkən deyib. Millət vəkili əlavə edib ki, icbari tibbi sığorta ilk növbədə əhalinin az gəlirli hissəsinə, işləməyən şəxslərə, tələbələrə, təqaüdçülərə hesablanmalı idi:
“İlk öncə onu bildirim ki, 2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulub. Dövlət büdcəsindən ayrılan vəsaitin azalması fonda digər mənbələrdən daxil olan vəsaitin artmasını zəruri edir.
Qanuna görə, heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən istifadəyə görə ödəniş edəcəklər. İndiyədək həmin şəxslər bu xidmətlərdən dövlət vəsaiti hesabına istifadə edirdilər. Amma bəzi məqamlar açıq qalır. İşi və gəliri olmayan insanların tibbi sığortanı necə ödəyəcəyi məsələsi qaranlıqdır. Həmin şəxslərin sığorta haqları ləğv edilirsə, işsiz, rəsmi gəliri olmayan insanların tibbi sığortasını kim ödəyəcək? Bu kateqoriyada olan təqaüd almayan tələbələrin problemi də narahatçılıq doğurur.
O qədər işsiz, qeydiyyata düşə bilməyən insanlar var. Onların sağlamlığını düşünmək lazımdır. Məlumdur ki, imkanı olan bu xidmətdən yararlanmır, daha çox az təminatlı ailələr tibbi sığortaya müraciət edir. Buna görə də icbari tibbi sığorta ilk növbədə az gəlirli əhali hissəsinə – işləməyən şəxslərə, tələbələrə, pensionerlərə hesablanmalı idi. Yavaş-yavaş isə əhalinin digər kateqoriyaları da daxil edilə bilərdi”.
Millət vəkili bildirib ki, Azərbaycanda rəsmi işsizlərin sayı təxminən 50–60 min nəfər olsa da, qeyri-rəsmi işləməyənlərin sayı xeyli artıqdır:
“Bu qrupun əhəmiyyətli hissəsi gündəlik və ya mövsümi gəlirlərlə dolanır. Əgər bu insanlar sığorta haqqını ödəməsələr, tibbi xidmətlərdən məhrum qalmaq və ya xidmətləri yalnız ödənişli əsasla almaq riski yaranacaq. Belə vəziyyətdə iki ehtimal ola bilər. Ya dövlət tərəfindən subsidiyalaşdırma mexanizmləri tətbiq oluna bilər, məsələn, aztəminatlı ailələr üçün sığorta haqqının dövlət tərəfindən ödənilməsi. Ya da əhali arasında sığortadan yayınma və qeyri-rəsmi tibbi xidmətlərə üz tutma halları arta bilər ki, bu da ölkə üzrə tibbi sığorta sisteminin effektivliyini azaldar. Düşünürəm ki, büdcə müzakirələri zamanı bu məsələlər araşdırılacaq və müvafiq bir nəticə əldə olunacaq”.
Nigar İxtiyarqızı











