Havalar soyuyandan Bakının böyük rayonlarında qaz verilişində ciddi problemlər yaranıb.
Havalar soyuyandan Bakının böyük rayonlarında qaz verilişində ciddi problemlər yaranıb.
TİA.AZ xəbər verir ki, bu barədə baku.ws-yə sakinlər məlumat veriblər.
Son bir həftə ərzində redaksiyamıza Xəzər, Suraxanı, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Maştağa kəndi, Xırdalan şəhərindən onlarla şikayət daxil olub.
Bu rayon, şəhər və qəsəbələrdən bəzilərində qaz, ümumiyyətlə, yoxdur, bəzilərində isə, necə deyərlər, şam kimi yanır.
Vətəndaşlar qazın gəlmədiyini sübuta yetirən videolar çəkib göndəriblər. Məsələn, Xırdalan şəhərinin Quşçuluq massivində qaz, ümumiyyətlə, gəlmir. Sakinlərin sözlərinə görə, bir həftədən çoxdur ki, qazsız qalıblar.
Vətəndaşlar deyir ki, məsələ ilə bağlı “Azəriqaz” İctimai Birliyinin qaynar xətti ilə (104) əlaqə saxlamaq istəsələr də, buna nail ola bilmirlər. Vətəndaşlar telefonda 10, 20, 30 dəqiqə gözlədilirlər və nəticə də olmur. Bəzən bu gözləmə yarım saatdan çox da olur.
Bu video və foto sayta göndərilən şikayətlərdən bir neçəsidir.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev isə baku.ws-yə açıqlamasında bildirdi ki, havalar soyuduğuna görə, ölkədə qaz sərfiyyatı xeyli artıb.
“Oktyabrın 2-nə təbii qazın ümumi sərfi 11 milyon 728 min kub olubsa, oktyabrın 3-də 12 milyon 139 min kuba çatıb. Hər iki günün arasındakı fərq 1 milyon 400 min kubdan çoxdur. Təbii qaza olan tələbat artdıqca, təbii qazın verilişində də artım olur. Hansı ərazilərdə problemlər yaranırsa, əməkdaşlarımız orada tənzimləmə işləri aparır”, – “Azəriqaz” rəsmisi bildirdi.
İbrahim Kəlbəliyev 104, 185 qaynar xətlərinə edilən zənglərə gec cavab verilməsinə münasibət bildirdi. Onun sözlərinə görə, şikayət edənlərin sayı çox olduğuna görə telefon xətləri məşğul ola bilər.
“Qış rejimi”nə keçidin nə vaxt olacağına gəlincə, İ.Kərbəlayev bildirdi ki, ümumiyyətlə, “qış rejimi” anlayışı yoxdur:
“Qurumda qış, ya da yay rejiminə keçid məsələsi yoxdur. Ümumiyyətlə, belə bir anlayış yoxdur. Qış rejiminə keçid zamanı yalnız qazaxanlara təbii qazın artırılması təmin olunur. İlin mövsümündən asılı olmayaraq təbii qaza olan tələbat ödənilir”.
3 gündür isti suya həsrət qaldıqlarını deyən millət vəkili Çingiz Qənizadə baku.ws-yə bildirdi ki, “Azəriqaz” rəsmisi yalan danışır.
“Həmişə açıqlama verirdilər ki, qış rejiminə keçidlə bağlı hazırlıq işləri görülür. Binəqədinin Rəsulzadə qəsəbəsi ərazisində 3 gündür ki, qazın təzyiqi o həddədir ki, heç bir istilik avadanlığı işləmir. Faktiki olaraq, 3 gündür isti suya həsrət qalmışıq. Deyirlər ki, qış rejiminə keçiddir, müəyyən təmir işləri gedir. Qış rejiminə keçidin olmadığı barədə verilən açıqlama yanlış informasiyadır. Sovet dövründə də, müstəqillik dönəmində də qış rejimi anlayışı olub. İnsanlara təzyiqli qaz verilməlidir ki, istilik avadanlıqları qızsın. Yalan danışırlar, qazın təzyiqi yoxdur”, – deyə millət vəkili qeyd etdi.