“Müəllim intihar edir, yazar intihar edir, başqa bir yazar intihar anonsu verir, bəlkə də hələ intihar qərarına gəlməmiş onlarla insan da yan-yörəmizdə yaşayır. İntihar bu qədər adiləşməyə başlayır. Düşünürəm ki, intiharların əsas səbəbi insanların sosiallaşma imkanının və ya təşəbbüslərinin olmamasıdır”.
“Müəllim intihar edir, yazar intihar edir, başqa bir yazar intihar anonsu verir, bəlkə də hələ intihar qərarına gəlməmiş onlarla insan da yan-yörəmizdə yaşayır. İntihar bu qədər adiləşməyə başlayır. Düşünürəm ki, intiharların əsas səbəbi insanların sosiallaşma imkanının və ya təşəbbüslərinin olmamasıdır”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa son günlər artan intihar xəbərlərini şərh edərkən yazıb.
Millət vəkili bildirib ki, cəmiyyətdə olan sosial ədalətsizlik, işsizlik, yoxsulluq, ailə problemləri – bütün səbəblər bu intiharların arxasında durur: “Nakam sevgi, üzücü xəstəlik, müalicə xərclərinin yetərsizliyi, əzizlərinin itkisi, bu və ya digər səbəbdən “el içində bədnam olma”, patronla yola getməmə, psixi depressiya, fiziki qüsurluluq kimi motivləri də buraya əlavə etsək, o zaman intihar etmək üçün səbəblərin sayını həndəsi silsilə ilə artırmaq mümkündür. Dinimizin də intihara qarşı sərt münasibəti fonunda insanların belə bir qərar alması düşündürücü məqamlardan, bəlkə də, birincisidir. Fikrimcə, burada motiv olaraq əsas rolu siyasi, sosial, məişət, əqli xarakterli sıxıntılar deyil, insanların sosiallaşma imkanının və ya təşəbbüslərinin olmaması oynayır. Bunun adına siyasi-kütləvi ədəbiyyatda sahəvi həmkarlar birliyi və ya ittifaqı deyirlər, ancaq adın elə bir önəmi yoxdur, sadəcə bir gerçək qarşımızdadır ki, peşə olaraq, mənafe olaraq, fiziki çatışmazlıq olaraq sosiallaşan insanlar bir-birinə həm dəstək vermək üçün, həm də təsəlli vermək üçün çox işlər görə bilərlər. İllərdir Azərbaycanda bu kimi birlik və cəmiyyətlər süni mexanizmlərə çevrildikcə, insanların bir-birinə qarşı həmrəylik duyğusu da azalmağa başlayır. Yazarlar, bəstəçilər, rəssamlar, jurnalistlər, taksiçilər, gözdən əlillər, şirniyyatçılar, məmurlar, bələdiyyə işçiləri, hamamçılar, bərbərlər, Qarabağ əlilləri və bəlkə də bu kimi onlarla adla tanıya biləcəyimiz mümkün birlik formaları statistika dəftərlərində yer almaq üçün süni quruluşlara çevrildiyinə görə kimsə başqasının dərdinə yaxından şərik ola bilmir. Axı bir Qarabağ əlilinin duyğularını daha çox başqa bir Qarabağ əlili, yaxud bir yazarın psixoloji sarsıntısını digər yazarlar, bir gözdən əllilin hisslərini digər gözdən əlil məndən, səndən daha həssaslıqla anlaya bilər. Ona görə də insanların peşəcə, ixtisasca, hissi maraqlarla birləşmə hüququnun təbii şəkildə canlandırmasına şərait yaratmaq lazımdır. Bunlar öz yerində, artıq cəmiyyətdə sürətlə artan işsizlik tendensiyasına son qoymaq üçün özəl sektorun inkişafını səmimi və açıq şəkildə təşviq etməkdən başqa çıxış yolu qalmır. Aidiyyəti qurumların qaldıra bilmədiyi yükü ancaq sahibkar qaldıra bilər. Çünki hansı yöndən təhlil edərsək, sonda intihar üçün əsas səbəblərin başında maddi sıxıntılar, işsizlik, yoxsulluq kimi amillər qarşımııza dikiləcəkdir.
İntiharlara hamımız üzülürük, istedadlı insanlarımızın intiharı isə daha çox ürəyimizi dağlayır. Allah gənc yazarımız Mövlud Mövludun günahlarını bağışlasın və seçdiyi yolu başqa istedadlı insanlarımız üçün birdəfəlik bağlasın!”