“Dəniz Mall”da idmançılar arasında davanın təfərrüatları -Məhkəmə işibackend

“Dəniz Mall”da idmançılar arasında davanın təfərrüatları –Məhkəmə işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə prokuror Müslüm Şahmarov ittiham aktını elan edib.

İttihama görə hadisə Səbail rayonu ərazisində baş verib. “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimindən əvvəl “Dəniz Mall”ın konfrans zalından kənarda müttəhimlər idmançı Həsən Əzizovla mübahisə ediblər, onu cəzalandırmaq qərarına gəliblər. İstintaq zamanı müəyyən olunub ki, Həsən Əzizov keçmiş zamanlarda məşqçi Ruslan Əfəndiyevə kobud cavab verib. Bu zəmində Həsən Əzizovun yanlarına gəlməsinə nail olublar. Bu zaman onun üz və baş nahiyələrinə zərbələr vurub yerə yıxıblar. Ona qarşı alçaldıcı hərəkətlər etməyə cəhd ediblər. Sonra isə ona hədə-qorxu gəliblər. Həsən Əzizovun şikayətindən sonra Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev cinayət məsuliyyətinə cəlb olunublar.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Müttəhimlər ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Ruslan Əfəndiyev sərbəst ifadəsində deyib ki, ötən il noyabrın 2-də Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı tədbir keçirilib: “Biz həmin gün idmançılarla birlikdə “Dəniz Mall”ə yollandıq. Yolda mənə zəng gəldi. Bildirildi ki, orada bir nəfər mübahisə edir, səs-küy salır. Mən də xahiş etdim ki, məni həmin şəxslə əlaqələndirsinlər. Telefonda səsdən həmin şəxsin Həsən olduğu mənə məlum oldu. Təşkilatçıya dedim ki, Həsən mənim tələbəm olub, gələrək onunla söhbət edəcəm. Həmin vaxt telefonda Həsən dedi ki, gəl, mən səni başa salacam. Bu zaman ona dedim ki, Həsən mənəm, Ruslan müəllimdir. Həsən cavab qaytardı ki, sən mənim üçün Ruslan müəllim yox, Ruslansan”.

Ruslan Əfəndiyev deyib ki, daha sonra tələbələri ilə birlikdə “Dəniz Mall”a gəliblər. Onun sözlərinə görə, orada Həsən Əzizovla tələbələrindən biri olan Rüfətlə danışdığını görüb:

“Onlara yaxınlaşdım və Həsənə Ruslan müəllim olduğumu dedim. Bu zaman Həsən mənə kobud cavab verdi. Daha sonra tələbəm Tofiq yaxınlaşdı və ona iradını bildirdi. Həsən Tofiqin üz nahiyəsinə yumruq atdı. Daha sonra mən araya girdim və ona badalaq ataraq zərərsizləşdirdim. Həmin vaxt Tofiq yarışa görə çəki salmışdı. Bu səbəbdən bədəni zəifləmişdi. Qorxdum ki, o zədələnər və yarış bizim üçün bitər”.

Ruslan Əfəndiyev qeyd edib ki, Həsən Əzizov ibtidai istintaq zamanı verdiyi ifadəsində onun tələbələrinin adlarını verib: “Halbuki o şəxslər hadisə yerində olmayıblar. Hadisə yerində mən, Tofiq, Rüfət və Xəzər olub. Mən Həsəni qətiyyən söyməmişəm. Həsən çox aqressiv idi. Mən uşaqlara tapşırdım ki, o təxribat yaratmaq istəyir, bu səbəbdən ona yaxınlaşmasınlar”.

Ruslan Əfəndiyev bildirib ki, Vüqar Kərimov onların yanında olmayıb, onun bu mübahisələrdən xəbəri olmayıb. O, həmçinin qeyd edib ki, Həsən Əzizova heç bir xəsarət yetirilməyib.

Daha sonra suallara cavab verən Ruslan Əfəndiyev bildirib ki, Həsən Əzizovla aralarında yaranan mübahisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlanılıb.

“Mən sonradan Həsən Əzizovun vəkili vasitəsi ilə ona barışmaq üçün 2 min manat verməyi təklif etdim. Sonradan görüşdük, 3 min manata razılaşdıq. Amma sonradan onlara zəng etsək də, zəng çatmadı, ya da zənglərimizə cavab verən olmadı. Sonradan eşitdim ki, Həsən 10 min manat istəyir. Mən də razı olmadım”, – deyə Ruslan Əfəndiyev bildirib.

Ruslan Əfəndiyev bildirib ki, Həsən Əzizovu heç kim vurmayıb, ona xəsarət yetirən olmayıb: “Həsənə şapalaq da vuran olmayıb. Mənim 53 yaşım var, heç vaxt yalan danışmamışam, danışmaram da. İttihamda yazılanlar yalandır. Biz söyüş söyməmişik. Tofiq Həsənə yumruq atmayıb. Bundan başqa, heç kim Həsənə yumruq zərbəsi vurmayıb”.

Təqsirləndirilən Vüqar Kərimov da bildirib ki, Ruslan Əfəndiyev və digər şəxslərlə birlikdə “Dəniz Mall”a gəliblər. O, Mehman Məmmədovla birlikdə konfrans zalına keçib. Onun sözlərinə görə, hadisə yerində olmayıb. Bildirib ki, konfrans zalında olması ilə bağlı şahidləri var.

Ruslan Əfəndiyev və digər təqsirləndirilən şəxslər – Xəzər Rüstəmov, Rüfət Əsədov, Tofiq Musayev ifadələrində etiraf ediblər ki, Vüqar Kərimov hadisə yerində olmayıb. Onlar deyiblər ki, Vüqar Kərimov başqa yerdə olduğu halda o da istintaqa cəlb edilib. Həmçinin təqsirləndirilən şəxslərin hər biri deyiblər ki, onlar tərəfindən Həsən Əzizova heç bir xəsarət yetirilməyib.

Daha sonra iş üzrə şahid qismində dindirilən şəxslərdən biri də Mehman Məmmədov olub. İlk əvvəl Mehman Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilsə də, sonradan onun hadisənin iştirakçısı olmadığı məlum olub. Bu səbəbdən istintaqın sonunda onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Mehman Məmmədov məhkəmədə etiraf edib ki, o, hadisənin şahidi olmayıb. O həmçinin deyib ki, hadisədən bir gün əvvəl Həsən Əzizovla görüşüb, yarış barədə söhbətləri olub.

Mehman Məmmədov deyib ki, Həsən Əzizovla normal münasibətləri olub, onların arasında heç bir narazılıq olmayıb. Hadisə vaxtı Vüqar Kərimov onun yanında olub.

Bundan sonra Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərimov və Rüfət Əsədovun vəkilləri vəsatətlə çıxış ediblər. Onlar təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirilməsi, onların ev dustaqlığına buraxılması məsələsini qaldırıblar.

Vüqar Kərimovun vəkilləri bildiriblər ki, müvəkkilləri hadisə yerində olmayıb. Onların sözlərinə görə, bu fakt həm təqsirləndirilən şəxslərin, həm də şahidlərin ifadələri ilə təsdiq olunur.

Vəkillər deyiblər ki, Vüqar Kərimov hadisə yerində olmadığı halda onun bu gün dəmir barmaqlıq arxasında saxlanılması düzgün deyil.

“Hadisə yerində olmayan şəxsi həbsə atıblar. Vüqar Kərimovla bağlı hissədə yanlışlığa yol verilib. Bizim bununla bağlı hadisə yerindəki videokameralardan çıxarış istəmişik. Amma bizim bu istəyimiz müstəntiq tərəfindən rədd edilib. Məhkəmə araşdırması zamanı şahidlərin də ifadələrindən məlum olacaq ki, Vüqar Kərimov hadisə yerində olmayıb. O, kənar bir yerdə olub. Onun iki azyaşlı uşağı var. Onun həbsdə saxlanılması düzgün deyil”, – deyə vəkil qeyd edib.

Dövlət ittihamçısı isə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlərin təmin olunmamasını istəyib.

Müşavirə keçirən hakim vəsatətlərin təmin olunamaması barədə qərarı açıqlayıb.

Proses iyunun 28-də davam edəcək.