Bir müddət əvvəl külli miqdarda dələduzluğa məruz qalması ilə gündəmə gələn müğənni Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.
Qaynarinfo xəbər verir ki, şikayətçi Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir.
Bu maddədə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Şikayətçinin kimliyi barədə açıq mənbələrdə məlumat yoxdur. İddialara görə, müğənnidən şikayətçi olan Bakı şəhər Nərimanov rayonu 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri vəzifəsində işləmiş Şahin Verdiyevdir.
Dəniz Əsədova külli miqdarda dələduzluğa məruz qalması ilə bağlı açıqlamarında onun da adını hallandırmışdı. Müğənni bildirmişdi ki, Şahin Verdiyev ondan yarım milyon manat məbləğində borc alsa da, qaytarmayıb.
“2017-2018-ci illərdə Şahin Verdiyev ailə problemləri ilə bağlı məndən borc pul aldı. Ailəvi münasibətimiz olduğuna görə və həmin vaxt TSEK-in rəhbəri kimi yaxşı qazancının olmasına görə ona inanıb pulu verdik. Həmin vəsaitlə qızına, oğluna bahalı evlər aldı, hər bir şərait yaratdı. Lakin pulu qaytarmaq vaxtı çatanda Şahin Verdiyev müxtəlif bəhanələrlə boyun qaçırdı.Məsələ ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edəndən sonra Şahin Verdiyev vəsaitin 150 min manatını mənə geri qaytardı. Lakin yerdə qalan 562 min manatı qaytarmaqdan imtina edir. Şahin Verdiyev həmin vaxt saxta tibbi arayışlar və digər sənədlər verib böyük məbləğdə pul alırdı”.
Şahin Verdiyev isə mediaya açıqlamasında Dəniz Əsədovanın dediklərini şər-böhtan adlandırıb.
Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxlamaq mümkün olmayıb.