ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratların prezidentliyə namizədliyini qazanmaq üçün kifayət qədər nümayəndə dəstəyi alıb. Onun namizədliyi avqustun 7-nə kimi planlaşdırılır.
Tribunainfo.az xəbər verir ki, bu barədə CNN nümayəndələrin səsvermə təxminlərinə istinadən yazır.
Nəşrə görə, 1,976-dan çox nümayəndə ilk səsvermədə Harrisi dəstəkləməyə söz verib.
Bu o deməkdir ki, Harris artıq lazımi dəstək həddini keçib.
CNN yazır ki, bu cür təsdiqlər istəyə bağlıdır və prezident Co Bayden yarışı tərk etdiyi üçün nümayəndələr seçdikləri namizədə səs verməkdə sərbəstdirlər.
“CNN səsləri nümayəndələr və əyalət nümayəndə heyətlərinin ictimai bəyanatlarına, hesabatlara və nümayəndələrlə söhbətlərə əsaslanaraq hesablayır. Biz başqa məlumat almadıqca, əyalət nümayəndə heyətlərinin dəstəkləri Harrisə yekdil dəstək kimi sayılır”.
Bazar ertəsi Demokrat Partiyasının rəsmiləri tərəfindən açıqlanan plana əsasən, nümayəndələr Harrisin avqustun 7-dək prezidentliyə namizəd kimi təsdiq edilməsinə səs verəcəklər.
Xatırladaq ki, Harris hazırkı prezident Co Baydenin yarışdan çıxmasından və Demokrat namizədliyini dəstəklədiyini elan etdikdən sonra ilk 24 saat ərzində rekord 81 milyon dollar toplayıb.
CNN bazar ertəsi səhər saatlarına kimi Demokratik nümayəndələrdən Harrisin namizədliyinə dəstək verən 500-dən çox bəyanatı sayıb. Senatdakı demokratların əksəriyyəti və Nümayəndələr Palatasında ən azı 60 demokrat artıq Harrisin namizədliyini dəstəklədiyini bildirib.
Bildiyiniz kimi, iyulun 21-də ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini və vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.
Praymerizdə qalib gələn Bayden yarışdan geri çəkilərsə, öz namizədini seçə bilməz. Bununla belə, partiyanın onun təklifinə qarşı çıxacağı ehtimalı az görünür – həm də qərar qəbul etmək üçün çox qısa müddət nəzərə alınmaqla.