“Ölkədə dəfn xərcləri kifayət qədər yüksəkdir. Ona görə də işləməyən və ya sığorta məbləği az olan vətəndaşlarımıza dəfn müavinətinin verilməsi məsələsinə baxıla bilər. Burada aidiyyatı qurumların da yanaşması, mövqeyi önəmlidir. Çünki onların da arqumentləri var. Ona görə də müəyyən məsləhətləşmə və təhlillər aparıldıqan sonra bu məsələyə baxıla bilər”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də məsələnin araşdırılması vacibdir:
“Hesab edirəm ki, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlarımıza dəfn müavinətinin verilməsi məsələsinə baxılmalıdır. Buna ehtiyac var. Eyni zamanda dəfn pulunun da miqdarı artırılmalıdır. Hesab edirəm ki, hazırda vətəndaşlara verilən dəfn pulunun miqdarına yenidən baxmalıyıq. Məbləğ dəfn üçün yetərli deyil. Bununla bağlı çoxsaylı vətəndaş müraciətləri də var. Bu səbəbdən düşünürəm ki, dəfn pulunun artırılmasına ehtiyac var. Yəni ən azından, mövcud imkanlar daxilində müəyyən məbləğə qaldırılması daha yaxşı olardı”.