1970-ci illərdən SSRİ-də başlanan ərzaq qıtlığını yəqin ki, həmin dövrü görənlər yaxşı xatırlayırlar. İstər ayrı-ayrı bölgələrdə, istərsə də Moskvadakı ərzaq mağazalarında, böyük qastronomlarda ən adi ərzaq məhsullarını tapmaq mümkün olmayıb. Kərə yağı, qatılaşdırılmış süd, kolbasa məmulatları, şirniyyat məhsulları, şəkər tozu və digər gündəlik istifadə olunan ərzaqların əldə edilməsi müşkülə çevrilib. Əslində sadalanan bu və digər məhsulların hamısı SSRİ- də olub. Həm yerli istehsaldan, həm də xaricdən alınan ərzaq məhsulları ilə anbarlar həmişə yenilənib. Elə süni ərzaq qıtlığının yaradılması da bu anbarlardan başlanıb.
Defisit yaratmaqla qara bazarı formalaşdıran və imkişaf etdirən bir qrup yüksək ranqlı dövlət məmurları bu işdən milyonlar qazanıblar. Bu maxinasiyaların başında duranlardan biri isə Moskva şəhər İcraiyyə Komitəsinin baş ticarət idarəsinin rəisi Nikolay Trequbov olub. Trequbovun vəzifəsi itttifaq miqyaslı olmasa da, o, SSRİ-nin ticarət sahəsində, alqı-satqı, bölgü, yeni anbar və mağazaların açılması, kadr təyinatı və s. məsələlərdə əsas söz sahibi olub.
Maraqlıdır, Trequbovu bu qədər səlahiyyət sahibi edənlər kimlər olub?
Sıravi aşbazlıqdan baş idarə rəisi vəzifəsinə qədər yüksələn Trequbov hələ kiçik vəzifələrdə işləyərkən öz ərazisində vəzifə sahiblərinin könlünü xoş etməyi bacarıb. Kimini işlədiyi restorana qonaq dəvət edib, kimisini kiçik rüşvətlə “sevindirib”, bayram günlərində kiminsə həyat yoldaşına bahalı ətir bağışlayıb. Bir sözlə, Trequbov öz “səxavəti” ilə dostlar əhatəsini genişləndirib və həmin kiçik vəzifələrdə işləyənlər zaman-zaman böyük vəzifələrə sahib olublar, nazir, birinci katib vəzifələrinə. Onlardan biri də Moskva şəhər partiya komitəsinin birinci katibi Viktor Qrişin olub. Məhz Trequbovun da Moskva ticarət idarəsinə rəis təyin edilməsi Qrişinin təşəbbüsü ilə baş tutub.
Trequbov Qrişinlə dostluğu sayəsində öz “auditoriya”sını daha da genişləndirib. O, artıq daxili işlər naziri Nikolay Şelokovla, baş katibin kürəkəni Yuri Çurbanovla, Mərkəzi Komitənin bir çox şöbə müdirləri ilə istənilən məsələni həll etmək imkanında olub. Qalina Brejnevə tez-tez Trequbova zəng edib, ona sifarişlər verib. Trequbov birincilərin ərzaq təminatına şəxsən nəzarət edib. Hər kəsin payı vaxtlı-vaxtında çatdırılıb.
Bu “səlahiyyətlər” bolluğunda Trequbov özünü də unutmayıb. Sonralar məlum olub ki, Trequbovun gündəlik qazancını yığmaq və hesablamaq üçün 12 mühasib yalnız bu işlə məşğul olub. Bəli, söhbət gündəlik qazancdan gedir.
Defisit olan ərzaq məhsulları Trequbovun göstərişi ilə yalnız onun himayəsində olan qastronomlara və “qara bazar”da bu işlə məşğul olanlara göndərilib. Digər qastronomların piştaxtaları bol olduğu halda, Moskvanın bəzi qastronomlarında ərzaq məhsullarına uzun-uzadı növbələr düzülüb. Digər tərəfdən, həmin qastronomlara göndərilən ərzaq məhsullarının yalnız 20-25 faizi satışa buraxılıb, qalan məhsullar əl altından baha qiymətə satılıb.
Trequbovun SSRİ-nin ticarət sahəsində əli o qədər uzun olub ki, o, bir çox müttəfiq respublikala ərzaq bölgüsünə də müdaxilə edib və bu, ona daha böyük qazanc gətirib.
Ən kiçik bir problem yaranada, onun işinə kimsə müdaxilə etmək istəyəndə Trequbov öz məşhur ifadələrini işlətməkdən çəkinməyib:
“Bəlkə biz məsələni Çurbanovun yanında müzakirə edək?”; “Qalina Leonidovna məsələdən xəbər tutsa sizə problem yaradacaq…”
Trequbov yuxarılara bu ərki ilə istədiyini edərək milyonlara sahib olub.
Məhz həmin dövrlərdə DTK sədri Yuri Andropov da Trequbovun əməllərindən xəbərdar olub. Bir neçə dəfə DTK əməkdaşları işə müdaxilə etmək istəsələr də, dərhal yuxarılardan xəbərdarlıq alıblar.
Andropov hakimiyyətə gəldikdən sonra isə sovet ticarətində çox şeylər dəyişib, o cümlədən Trequbovun da bazarı bağlanıb. Andropovun rəhbərliyi ilə ticarətdə korrupsiya və yeyinti ilə bağlı başlanan araşdırmalarda və cinayət işlərində 15 min nəfər istintaqa cəlb edilib. Trequbov isə əsas fiqur kimi həbs olunub. O, həbs olunan gün məzuniyyətdə olan Qrişin təcili Moskvaya qayıdıb.
Qrişinin Trequbovun məsələsi ilə bağlı Andropova müraciəti nəticəsiz qalıb. Ümumiyyətlə, Qrişinlə Andropovun arasında əvvəllər də soyuq münasibət hökm sürüb. Belə ki, Andropov Qrişinin baş katib postuna iddialı olmasını bilərək onu siyasi səhnədən çıxarmağa cəhd edib.
Trequbovun istintaqı 1984-cü ilin noyabr ayına qədər davam edib. Artıq həmin vaxt baş katib kürsüsündə Konstantin Çernenko əyləşib. Çernenko da Qrişinin xahişinindən imtina edib. Məhkəmə Trequbov haqqında 15 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Trequbov cəzasının 12 ilini çəkib. Onu 1996-cı ildə səhhəti son dərəcə kəskinləşəndə vaxtından əvvəl azadlığa buraxıblar. Azadlığa çıxdıqdan bir neçə gün sonra Trequbov 78 yaşında vəfat edib.
Brejnevi, Andropovu, Çernenkonu o dünyaya yola salan Qrişin sonralar öz xatirələrində Trequbov məsələsi haqqında fikirlərini belə bölüşüb:
“Həmin vaxtlar Trequbovun xidmətlərindən yararlananlardan biri də Andropov idi. Sıravi vətəndaşlar bilməsə də, biz siyasi elitanın necə yaşadığını yaxşı bilirdik. Məgər Andropovun özü bilmirdi ki, evinə daşınan fin kolbasaları, qara və qırmızı kürü, çoxlarının şəkillərdə gördüyü ekzotik meyvələr və digər defisit ərzaq məhsullarını kim göndərir? Əlbəttə, yaxşı bilirdi. Andropov özündən ikinci Stalin yaratmaq istəyirdi. Amma onu anlamırdı ki, biz onun bütün keçmişinə, müharibədən necə yayınmağına, soyadını beş dəfə dəyişməsinə, Brejnevin və Suslovun ayağının altını qazmasına yaxşı bələdik…”
İlham Cəmiloğlu