Dedi ki, məni ailəmlə hədələyirlər” – Xirdalandakı cinayətin təfərrüatı

Dedi ki, məni ailəmlə hədələyirlər” – Xirdalandakı cinayətin təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xırdalanda baş verən səs-küyli silahlı insident törətməkdə təqsirli bilinən Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
İttihama münasibət bildirən Xəyal Paşayev özünü qismən təqsirli bilib. Kənan Həsənov,  Bilal Bayramov, Məhəmməd Əhmədov və Allahverdi Ruzpeykar özlərini təqsirli bilməyiblər.
Daha sonra zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Yeganə Hacıyeva ifadə verib. O, bildirib ki, hadisə baş verən gün günorta yoldaşı evə gəlib: “Yoldaşıma zəng gəldi. O kimsə “düşürəm, düşürəm” dedi. Sonra getdi, gecə gəldi. Üstü qan idi. Evdən qızıl götürdü, dedi ki, Xırdalan uşaqlarına verməlidir. Sonra evə qayıtdı. Növbəti gün günortadan sonra onunla danışa bilmədim. Bir nəfər mənə zəng edib dedi ki, yoldaşım qəzaya düşüb, ayağı sınıb. Bizi polis idarəsinə çağırdılar. Biz də ora getdik və sonradan onun öldüyünü bildim”.
Yeganə  Nəcəfova bildirib ki, yoldaşına onu təhdid edən şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb, lakin yoldaşı razı olmayıb:
 “Dedi sən bilmirsən onlar necə təhlükəli adamlardır. Dedi məni ailəmlə, yaxınlarımla hədələyirlər,  sən heç kimə heç nə demə”.
Növbəti proses martın 9-da davam edəcək.
İttihama görə, hadisə 2017-ci il martın 31-də Xırdalan şəhərində çay evlərindən birinin qarşısında baş verib.
Xırdalan şəhərində 1970-ci il təvəllüdlü Valeh Nəcəfov və 1985-ci il təvəllüdlü Qəbələ sakini Xəyal Paşayev güllələnib. Hər iki yaralı xəstəxanaya gətirilib. Valeh Paşayev orada ölüb.
Məlum olub ki, ölən və yaralanan şəxs pul borcu üstündə mübahisə ediblər. Onlar bir-birlərinə atəş açıblar. Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun barəsində cinayət işi başlanıb.
İstintaq sənədlərinə görə, dəstə üzvlərindən Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov xuliqanlıqda ittiham edilirlər.
Xəyal Paşayev isə qəsdən adam öldürməkdə təqsirli bilinir.(ölkə.az)