“Dedi, ana, biz çıxdıq” – Nişanlısı ilə qəzada ölən Səmayənin anası DANIŞDIbackend

“Dedi, ana, biz çıxdıq” – Nişanlısı ilə qəzada ölən Səmayənin anası DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bütün ölkə mənim balamın faciəsindən danışır. Nişanlı balam nişanlısı və onun ailə üzvləri ilə birgə dəhşətli qəzada həyatını itirdi, gül kimi qızımı öz əlimlə torpağa tapşırdım”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri mayın 22-də Qobustan rayonu ərazisində baş verən dəhşətli qəzada ölən Səmayə Talıbovanın anası, Şabran şəhər sakini Məhəbbət Talıbova Bizim.Media-ya deyib.Ana çox çətin olsa da qızı ilə bağlı danışıb.

Onun sözlərinə görə, Səmayə həmin gün nişanlanacağı oğlanla Bakıya nişan üzüyü almağa gedib:
“Mənə tezdən yazdı ki, “Ana, biz çıxdıq”. Səhər 9 radələrində bu xəbəri eşitdim. Dünyam başıma fırlandı və hələ də faciənin ağırlığını tam qəbul edə bilmirəm. Nəinki qızım, nişanlısı, yaxınları qəzadan salamat çıxmadılar, çəkiləsi dərd deyil”.
Məhəbbət Talıbova deyir ki, qızı Səmayə Şabran şəhərində 9 illik təhsilini başa vurub Şamaxıda kollecə daxil olmuşdu:
“O sevdiyi Əmrah Nuriyevin ana babasının evində kirayədə qalırdı, oğlan onu babasıgildə görüb bəyənmişdi, tanış olmuşdu. Hər ikisi cavan yaşında həyatdan getdilər”.
17 yaşlı Səmayə Talıbova son mənzilə ona qismət olmayan nişan xonçaları, gül-çiçəklə yola salınıb və Şabranın Dəvəçikənd məzarlığında torpağa tapşırılıb. Səmayə Talıbovanın atası iki il əvvəl vəfat edib, anası Məhəbbət və 12 yaşlı qardaşı Fərahim hər gün onun məzarına baş çəkməklə təsəlli tapır.
Şabran şəhərindəki 3 saylı ümumi orta məktəbin direktoru Raifə Məmmədova 2006-cı il təvəllüdlü Səmayə Natiq qızı Talıbovanın 9-cu sinfi 2021-ci ildə bitirib Şamaxıda regonal kollecin maliyyə-kredit fakültəsinə qəbul olunduğunu deyib.
Onun sözlərinə görə, Səmayə savadlı, pozitiv və mehriban bir qız olub:
“Çox təəssüf ki, ağır yol hadisəsi gənc məzunumuzun və gələcək ailə üzvlərinin həyatını qaraltdı”.
Xatırladaq ki, dəhşətli avtomobil qəzası Bakı-Şamaxı yolunun 58,5-ci km-də, Qobustan rayonunun Cəngi kəndindən keçən hissəsində qeydə alınmışdı. Bakı istiqamətinə hərəkət edən “KİA”nın bir neçə dəfə aşması 17 yaşlı Səmayə Talıbovanın, 23 yaşlı Əmrah Nuriyevin, Əmrahın bacısı Şəbnəm, yeznəsi Məhərrəm və onların azyaşlı övladları Məryəm Səmədovların ölümü ilə nəticələnib.
Əmrah Nuriyevin anası isə müxtəlif sınıq və xəsarətlərlə Bakıya, Travmatologiya İnstitutuna çatdırılıb, qadın komadan hələ ayılmayıb.
Dəhşətli yol qəzasını DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə yol nəqliyyst hadisələrinə dair istintaq və təhqiqat şöbəsi araşdırır.