De Byazi gedəndə AFFA rəsmilərinə nə deyib? – Vaqif Sadıqov açıqladı

De Byazi gedəndə AFFA rəsmilərinə nə deyib? – Vaqif Sadıqov açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nəhayət, AFFA Canni De Byazi ilə yolları ayırdı. Əslində, futbol ictimaiyyəti bu ayrılığın daha tez reallaşmasının tərəfdarı idi. Çünki italyan mütəxəssis bu ölkə futboluna heç nə verə bilmirdi və nəticələr də getdikcə pisləşirdi. Bəs bu ayrılıq niyə gec baş tutdu və AFFA-nın qarşıdakı planları necədir?
Qurumun vitse-prezidenti Vaqif Sadıqov Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
“Son oyunlardan əvvəl də müzakirələr olurdu. İlk görüşlərdə komanda özünü yaxşı tərəfdən göstərə bilmədi. Avstriya və Belçikaya məğlub olsaq belə məzmunlu oyun göstərdik. İsveç üzərində qələbə gəldi. Xatırlayıram, Estoniya ilə heç-heçədən sonra da belə müzakirələrimiz olmuşdu. İcraiyyə Komitəsi yığıldı, sonda mərhələnin ortasında belə addım atmaq məqsədəuyğun sayılmadı. Çempionatın gedişində kimisə kiminləsə əvəz etmək bir qədər problemə çevrilə bilərdi. Qərar qəbul olundu ki, belə davam etsin. Daha sonra komanda bir qədər özünü toparladı. Baxmayaraq ki, nəticə istənilən kimi alınmadı”.
O, AFFA-nın da səhvlər etdiyini deyib:
“De Byazi gedəndə bizə bildirdi ki, yeni gənc futbolçular cəlb etmişəm. Beş komanda arasında dördüncü yer tutmuşam. Yeddi xal qazanmışam. O da çalışırdı. Bu məsələ həll olundu. Adam istefaya göndərilib. İndi onun arxasınca neqativlik axtarmağa ehtiyac yoxdur. Haradasa, istər-istəməz bizim də səhvlərimiz var. Onunla ilk il pandemiya dönəminə düşdü. İkinci dəfə müqavilə uzadılanda pley-off şansı var idi. O, konkret söz verməmişdi. Pley-offa düşməyimiz Qazaxıstan və Sloveniya ilə oyunundan asılı idi. Ümid edə-edə müsbət nəticə gözləsək də, fərqli mənzərə gördük. Hesab edirəm ki, çıxarılan qərar tamamilə düzgündür”.
Vitse-prezidentin italyan məşqçinin iclası yarımçıq tərk etməsinə münasibəti belə olub:
“Onu iclasa dəvət etmişdik. AFFA ilə əməkdaşlığa son qoymaq fikrində olduğunu dedi. Bu vaxta qədər De Byaziyə hörmətlə yanaşmışıq. Ona son sözünü demək şansı yaratdıq və bir neçə cümlə işlətdi. O bizə yaxşı səviyyədə olan yığma qoyub getdiyini və gələcək məşqçiyə uğurlar arzuladığını bildirdi”

Maraqlıdır, AFFA jurnalistləri “axmaq” adlandıran De Byaziyə hərəkəti barədə hər hansı irad bildrmişdimi?
“Öz aramızda onun bu hərəkətini qınadıq. Bunun qarşılığında hansısa cəza verilməli olub-olmaması haqda müzakirələr aparırdıq. 3-5 dəqiqədən sonra zalı tərk etdi. Belə başa düşürəm ki, özü səhvini anladı, ölkədə qalmaq, əməkdaşlığı davam etdirmək istəmədi və bu qərarı verdi”, deyə Vaqif Sadıqov bildirib.
“Bəs yığmanın taleyi necə olacaq” sualını Vaqif Sadıqov belə cavablandırıb:
“Rövnəq müəllim baş katibə işçi qrupu yaradılmasını tapşırdı. Dünən ilk addım atıldı, De Byazi ilə müqavilə uzadılmadı. Hiss etdim ki, əksəriyyət yerli mütəxəssisin yığmanın başına keçməsinin tərəfdarıdır. Mənim mövqeyimə gəlincə, əlbəttə yerlilərin tərəfdarıyam. Siz soruşursunuz deyə, öz fikrimi ictimailəşdirirəm. Amma daxildə hamı bilir ki, yığmaya yerli məşqçinin rəhbərlik etməsini istəyirəm. Düzdür, onlara imkan yaratmalıyıq. İnşallah gələcəkdə istədiyimizə nail olarıq”.
De Byazi xüsusən də oyunlarda meydana çıxardığı heyətlə bağlı təqnid olunurdu. Bəs yeni məşqçi gələndən sonra hansısa dəyişikliklər olcağı gözlənilir?
“Biz necə edə bilərik? Yeni məşqçi gəlsin, proqramını, yanaşmasını göstərsin. Fikrimcə, heyətlə bağlı nəsə danışmağın indi yeri deyil. Yeni məşqçi təyin olunandan sonra bu sualı verərsiniz. Heç bəlkə ehtiyac da olmayacaq suala. Qatardan qabağa qaçmayaq. Belə deyil. İş planı bəlli olduqdan sonra nəyin necə olacağını görəcəyik”, deyə vitse-prezident bildirib.