Dünyada müsəlmanların nüfuzunu artıran Misir yığmasının zədəli hücumçusunun bu gün yaşıl meydana çıxacağı gözlənilir; Portuqaliyanın bəxti yenə gətirdi
Dünya çempionatının ikinci günündə ilk qarşılaşma A qrupunda Misir və Uruqvay yığması arasında olacaq. Bu mili komandalar tarixində ikinci dəfədir ki, üz-üzə gələcəklər. Bundan əvvəl onlar yalnız bir dəfə- 2016-cı ildə yoldaşlıq görüşündə rəqib olublar. Misirdə keçirilən həmin oyun isə Uruqvayın 2:0 qələbəsi ilə yekunlaşıb.
Bu oyunu hər iki komandadan olan iki ulduz oyunçunun- misirli Məhəmməd Salahla uruqvaylı Luis Suaresin qarşılaşması kimi də xarakterizə etmək olar. Amma Salahın ilk oyunda forma geyinib-geyinməməsi ilə bağlı hələ ki dəqiq bilgi yoxdur.
Salaha bu çempionatda diqqət olduqca böyükdür, hətta Argentina millisinin oyunçusu Leonar Messidən də çox… Bunun əsas səbəbi təbii ki, Salahın 2017-2018 mövsümündə “Liverpul”un heyətində parlamasıdır. 25 yaşlı futbolçu Premyer Liqada 31 qol, 9 məhsuldar ötürmə, Çempionlar Liqasında isə 10 qol, 4 məhsuldar ötürmə ilə tarixə düşüb. Salah “Qızıl top”a da əsas iddiaçılar sırasındadır. Çempionlar Liqasının finalında “Real”la oyunda çiynindən zədələnərək meydanı ağlayaraq tərk edən Salahın Uruqvaya qarşı forma geyinməsi misirlilər üçün əlavə motivasiya olacaq.
Salah son bir ildə müsəlman dünyasının ən parlaq simalarından birinə çevrilib. Onun Misirdə həyata keçirdiyi xeyirxah əməllər ölkəsində dillər əzbəridir. Xüsusilə xəstə uşaqlar üçün xəstəxana tikdirməsi, doğulduğu qəsəbəyə 500 min dollara su çəkdirməsi ona komanda yoldaşları arasında da xüsusi rəğbət qazandırıb. Allah və dinə səmimi bağlı futbolçudur Salah… Salahla məşq zamanı söhbət edərək şəkil çəkdirən Çeçenistan rəhbəri Ramzan Kadırov müsəlmanları misirli futbolçuya dəstək olmağa çağırıb…Yaxşı çağırışdır. Rəqib güclüdür, amma biz ya Məhəmməd, ya Salah deyək…
İki dəfə dünya çempionu olmuş Uruqvayın bugünkü oyunda qalib gəlmək şansı daha çoxdur. Uruqvay futbol ənənəsi olan ölkədir və bugünkü rəqiblərindən çox təcrübəlidirlər. Həmişə demişik, yenə təkrarlamaqda fayda var. Cənubi Amerikada Braziliyanın və Argentinanın futbol hegemonluğunda kölgədə qalmayan yeganə komanda məhz Uruqvaydır.
Misir son dəfə mundialda 1990-cı ildə iştirak edib və Rusiyada özlərini göstərməyə çalışacaqlar. Təbi ki, bu təkcə Salahın boynunun işi deyil, komanda oyunu mütləqdir. Bugünkü qarşılaşmada Uruqvay qalib gəlmək, Misir isə yəqin ki, ilk xal qazanmaq istəyəcək. Misir qrupda digər iki oyunda- Rusiya və Səudiyyədən xallar qazanmaq istəyəcək, yəni mümkün 5 və ya 6 xal növbəti mərhələ ümidi verə bilər.
Uruqvay millisinin qapıçısı Fernando Muslera oyun ərəfəsi deyib ki, Misir yığmasının oyunçularının əksəriyyətini tanıyır və mili komandanın oyun taktikasına bələddirlər. “Biz ilk oyunda mütləq yaxşı nəticə göstərməliyik. Çünki sonrakı oyunlar da çətin rəqiblərlə olacaq”,- deyə, təcrübəli qapıçı bildirib.
Misir yığmasının baş məşqçisi Ektor Kuper isə deyib ki, ilk oyunda qalib gəlmək istəyirlər: “Uruqvayla heç-heçə etməyi qarşımıza məqsəd qoymamışıq. Biz Uruqvayla oyunda 3 xal qazanmağa iddialıyıq”.
İran-Mərakeş: şanslar bərabərdir
Bu gün B qrupunda da ilk oyunlar keçiriləcək. Saat 19-da Mərakeş – İran millisi ilə qarşılaşacaq. 22:00-da isə Portuqaliya – İspaniya qarşılaşması start götürəcək.
Dünya çempionatının ilk günündə və ondan daha əvvəl də yarızarafat yazmışdım ki, Azərbaycanın ənənəvi azarkeşlik etdikləri komandalar (Türkiyə və Ukrayna) mundialdan kənarda qaldığı üçün İranı dəstəkləyək. Əlbəttə, ölkəmizdə bu komandanın da azarkeşləri var və niyə də olmasın?
İran yaxşı formadadır, təsadüfi deyil ki, yığma komanda Rusiyaya vəsiqəni təmin edən ilk üçlükdə olub. 2014-cü il Braziliya mundialında ilk oyunda iranlılar Nigeriya ilə qolsuz bərabərliyə nail oldu. Sonra Argentinaya minimal hesabla (1:0) məğlub olan iranlılar qrup mərhələsinin son oyununda Bosniya və Hersoqovina yığması qarşısında məğlubiyyətdən (1:3) yaxa qurtara bilmədilər.
2011-ci ildən millini çalışdıran Karluş Keyruş istefa verdiyini açıqlasa da, İran Futbol Federasiyası onu buraxmadı və müqaviləni yenilədi. Keyruş neçə illərdi milli komandanı meydana 4-3-3 və ya 4-2-3-1 sxemi ilə çıxarır ki, bəzi iddialara görə, bu, sürətli dünya futbolu üçün uğurlu taktika deyil. Amma yaddan çıxarmayaq ki, İran yığması seçmə mərhələdə keçirdiyi 8 oyunda qapılarından top buraxmayıb. Yalnız Suriya millisi ilə əhəmiyyət kəsb etməyən oyunda İran millisinin uğurlu seriyası qırılıb.
Karluş Keyruşun püşkatma mərasimindən sonra dediklərini yenə də xatırlatmaq lazım gəlir: “İranın püşkünə sevinə bilmərəm. İspaniya və Portuqaliya mənim üçün iki xüsusi komandadır. B qrupunu istər ”ölüm”, istərsə də həyat qrupu adlandırmağımızın İran üçün heç bir fərqi yoxdur. İranın futbol üzrə yığma komandası 15 iyun, 20 iyun və 25 iyunda Mərakeş, İspaniya və Portuqaliya ilə qarşılaşmalıdır”. Məlumdur ki, Karluş Keyruş portuqaliyalıdır və 2008 – 2010-cu illərdə Portuqaliya millisinə rəhbərlik edib.
Mərakeş millisi 20 il sonra mundiala qatılır və İranla şansları bərabər qiymətləndirilə bilər. İranla Mərakeş uzaq 1978-ci ildə bir beynəlxalq kubok turnirində qarşılaşıb və 2:0 qalib gəlib. Mərakeş millisi yoldaşlıq görüşləri də daxil olmaqla, son 18 oyunda məğlub olmadığının xatırlatmaq lazımdır.
İspanlar şoku adladıb, Portuqaliyanı məğlub edə biləcəkmi?
Bu gün keçiriləcək ən maraqlı oyun isə şübhəsiz ki, Portuqaliya-İspaniya qarşılaşmasıdır.
Maraqlıdır ki, bu yığmalar arasında ilk oyunu 1921-ci ilin 18 dekabrında keçirilib və birincilər 1:3 hesabı ilə məğlub olub. İndiyədək bu iki mili komanda 36 dəfə qarşı-qarşıya gəlib. 17 oyunda ispanlar, 6 oyunda isə Portuqaliya qələbəni bayram edib. Sonuncu dəfə 2012-ci ildə Avropa çempionatının yarımfinalında qarşılaşıblar və penaltilər seriyasında İspaniya qazanıb.
Məlumdur ki, çempionatın başlamasına bir gün qalmış İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi gözlənilmədən istefaya göndərilib. İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesini az qala xəyanət kimi bir qərar verdiyi üçün onu komandadan uzaqlaşdırıb.
“”Real”ın ən yaxşı baş məşqçini almaq istədiyini anlayıram. Ancaq milli komanda bütün İspaniyanındır. Bu cür davam etmək olmaz. Lopeteqi bizim xəbərimiz olmadan “Real”la müqavilə imzalayıb. Bunu xəyanət hesab etmirəm, ancaq belə qərar verməli idik. Bu cür davranış qəbulolunmazdır. Lopeteqi ilə yolları ayırmağa məcbur olduq” – deyə, Rubiales bildirib. Millinin sabiq üzvü Fernando Yerro dünya çempionatında komandaya rəhbərlik edəcək. İspaniya peşəkarlardan qurulmuş komanda olsa da, bu hadisə şübhəsiz ki, komandanın oyununa təsirsiz ötüşməyəcək.
Son Avropa çempionu Portuqaliyanın bəxti Fransada gətirdi. Qrupdan 3 xal(!) toplayaraq çıxan komanda sürünə-sürünə finala gəldi və məlum… İndi də qruplarında əsas rəqiblərin başına bu iş gəldi. Heç vaxt Maradona kimi zəhmətkeş hücumçu olmayan Kriştina Ronaldo üçün bu son dünya çempionatıdır və yəqin özünü göstərməyə çalışacaq. Müdafiəçilərin arxasında gizlənib “mırt” top vurmayacaq . Bu oyunda rəqiblər bir-birini yaxşı tanıyır və hər ikisi qalib gəlmək üçün çalışacaq. Amma heç-heçə bu qarşılaşma üçün ən gözlənilən nəticə olar.
Nazim SABİROĞLU
“Yeni Müsavat”





