Qabaqcadan əlbir olaraq bir qrup şəxs halında adam oğurluğunda təqsirləndirilən Şamo Qocayev, Ayaz Heydərli və Anar Talıblının barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası avqustun 8-nə təyin edilib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamo Qocayev 10 il, Ayaz Heydərli 8 il 6 ay, Anar Talıblı isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: İstintaqla müəyyən edilib ki, Şamo Qocayev keçmiş həyat yoldaşı Aygün Əhmədovanı dayısı oğlu Ayaz Heydərli və Anar Talıblı ilə birgə oğurlayıb. Onlar Aygün Əhmədovanın müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törədiblər. Şamo Qocayev və Ayaz Heydərliyə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), Anar Talıblıya isə Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) maddələri ilə ittiham irəli sürülüb.