Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti xanım Kristine Muttonen ilə görüşüb.
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti xanım Kristine Muttonen ilə görüşüb.
TİA.AZ xəbər verir ki, Azərbaycan parlamentinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivlərindən danışaraq təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə, Minsk qrupunun həmsədrlərinin daim dəyişməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb.
Milli Məclisin spikeri qeyd edib ki, danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır.
Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı müzakirələrdə ikili standartlara yol verildiyini, özlərini insan haqlarının müdafiəçisi sayan qurumların Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün taleyinə laqeyd qaldıqlarını vurğulayan Oqtay Əsədov deyib ki, işğalçı ölkə ilə əraziləri işğal edilmiş ölkə arasında bərabərlik işarəsinin qoyulması düzgün deyil.
ATƏT PA-nın prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanla sıx əlaqələrindən məmnunluq ifadə edib, dünyada terrorizm dalğasının tüğyan etdiyi bir dövrdə bu əlaqələrin əhəmiyyətini vurğulayıb. K.Muttonen Minsk qrupu həmsədrlərinin görüşünün keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ATƏT PA-nın yeni seçilmiş vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev görüşdə iştirak edib.(AzərTac)