ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland həmsədrlərin Bakıda keçirdikləri mətbuat konfransında “Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır” deyə bildirib.
Diplomat xatırladıb ki, uzun illər ərzində Azərbaycan və Ermənistan prezidentləri görüşlər keçiriblər və yenə belə görüşlər təşkil olunmalıdır. R.Hoqlandın fikrincə, 25 il ərzində diplomatik fəaliyyət faciəvi hadisələrin qarşısını alıb.
Görəsən diplomat ən yüksək səviyyə deyəndə nəyi nəzərdə tutur?Amerikalı həmsədr ildönümünü cəbhədə deyil, danışıq masasında qeyd etməyi önərməklə bizi nəyə hazırlayır?
Politoloq Arzu Nağıyev TİA.AZ–a məsələni belə şərh edir: “Düşünürəm ki, ATƏT -in Minsk qrupunun həmsədrləri indiyə qədər deklorativ bəyanatlar verdiklərini başa düşürlər və hazırda fəaliyyətsizliklərinin də məsuliyyətinin onların üzərinə düşdüyünü anlayırlar. Rusiyalı həmsədrdən başqa digərləri yenidirlər və müəyyən iş görməkləri vacibdir. Bu səbəbdən də danışıqlara çağırırlar. Aprel ayının 2-də ermənilərin seçki keçirməkləri simvolik tarixdir. Buna görə də bu tarixdən həmsədrlər də çəkinirlər və seçkidə Qarabağ kartından istifadə ediləcəyini də dərk edirlər. Təbii ki, Azərbaycan hər vaxt beynəlxalq norma və prinsiplərə uyğun olaraq, danışıqlara hazırdır və ən yüksək səviyyədə bunu keçirə bilər. Bu prinsiplərin ən başlıcası isə ərazi bütövlüyüdür”.
İlahə