Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ailəvi istirahət mərkəzi “Dalğa Beach” 5 aydan çoxdur ki, işçilərin maaşını vermir.
Tribunainfo.az xəbər verir ki, bu barədə işçilər “Xəzər Xəbərə”danışıblar. İşçilərin sözlərinə görə, fevral ayından maaşlarını ala bilmirlər. Onlara neçə aydır ki, maaşlar hissə-hissə və çox az miqdarda verilir.
“Dalğa Beach”də çalışan Sevda Rəcəbova bildirib ki, Emin İbadovun bütün işçilərə borcu var, çünki heç kəsin maaşı ödənmir:
“Mən 3 ay yarımdır maaşımı ala bilmirəm. 1750 manat mənə borcu var. Gecələr də işləmişəm mətbəxdə. İndi də deyir kimə istəyirsiniz gedin şikayət edin. Hər dəfə aldadır ki, verəcəm, amma vermir maaşları”.
Digər şikayətçi Bağırova Gülarə isə 4 aydır maaşını ala bilmir:
“Mənə 2050 manat pul verməlidir. Elə deyir ayın 5-i verəcəm, 10-u verəcəm, 25-i verəcəm. Ancaq artıq 4 ay olub, hələ də maaşımızı ala bilmirik.
Sözügedən məkanda aşpaz köməkçisi işləyən Rəksanə Şıxdanova da fevral ayndan maaşını ala bilmir:
“Fevral ayından maaşları vermir. Az-az verirdilər, arada 100 manat, 200 manat. Onu da dava-qırğınla alırdıq. Deyirdilər, mövsüm açılsın, hamının pulu veriləcək. Ancaq hamını aldadırlar, pulumuzu da vermirlər”.
“Dalğa Beach” rəhbərliyi işçilərə həmçinin onların əmək müqaviləsi olduğunu deyib. Ancaq işdən ayrldıqdan sonra məlum olub ki, işçilərin heç birinin əmək müqaviləsi yoxdur.
İşçilərin şikayətçi olduğu Emin İbadov adlı şəxs isə zəngləri cavabsız qoyub.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul