Sürətin ürək sağlamlığı və qocalma prosesinə ciddi təsir etdiyi ilə bağlı sübutlar getdikcə artır.
Bir çox araşdırmalar artıq göstərib ki, sağlamlıq üçün gündə 10 000 addım atmaq heç də şərt deyil. Əslində, 8 000 addımdan sonra fayda adətən sabitləşir və artmır.
Lakin son zamanlar alimləri başqa bir sual maraqlandırmağa başlayıb: hər addım eyni dərəcədə faydalıdırmı, yoxsa sürətli addımlamaq – yəni dəqiqədə 100-dən çox addım və ya saatda təxminən 5–6 km – daha çox xeyir gətirir?
Tribuna Independent-ə istinadən yazır ki, artıq sübutlar artır: yerimə tempi ürək sağlamlığı və qocalma üçün həqiqətən vacibdir. Məsələn, 14 dəqiqəlik adi gəzintini 7 dəqiqəlik sürətli yerimə ilə əvəz etmək ürək-damar xəstəlikləri riskini 14% azaldır.
450 mindən çox britaniyalı üzərində aparılan geniş tədqiqat isə göstərib ki, orta yaşa çatanda həyat boyu sürətli yeriyən insanların bioloji yaşı, ömrü boyu yavaş yeriyənlərlə müqayisədə 16 il daha az olur.
Başqa bir araşdırma da təsdiqləyib ki, sürətli yeriməyə başlamaq üçün heç vaxt gec deyil. Model göstərib ki, fiziki aktiv olmayan 60 yaşlı bir kişi və ya qadın gününə cəmi 10 dəqiqəlik sürətli yerimə əlavə etməklə ömrünü təxminən bir il uzada bilər.
Həmçinin sübut olunub ki, yerimə sürəti ürək-damar xəstəliklərindən ölüm riskinə qan təzyiqi, xolesterin, hətta qidalanma və piylənmə kimi həyat tərzi faktorlarından daha güclü təsir göstərir.
Ancaq bəzi nüanslar da var
Sürətli yerimə hər sahədə əlavə üstünlük verməyə bilər. Son araşdırma göstərib ki, ümumi yerimə 13 növ xərçəng riskini azaltmaqla əlaqəlidir, lakin sürətli yerimənin bu məsələdə əlavə faydası aşkarlanmayıb.
Eyni zamanda, uzun müddətli oturmağı yüngül tempdə yeriməklə bölmək metabolizmə nəzərəçarpacaq təsir göstərir.
Yerimənin fiziki sağlamlıqdan başqa üstünlükləri də çoxdur: araşdırmalara görə, bu, beyin aktivliyini artırır, yaradıcı ideyaların sayını iki dəfə çoxaldır. Çünki yaddaş və təsəvvürə cavabdeh beyin sistemləri məhz bədən hərəkətdə olanda daha çox aktivləşir.
İmran Kərimli










