Azərbaycanda son zamanlar aktual problemlərdən biri də intiharların çoxalmasıdır.
Azərbaycanda son zamanlar aktual problemlərdən biri də intiharların çoxalmasıdır.
Müxtəlif çətinliklərlə üzləşən, çıxış yolu tapa bilməyən insanlar çarəni özlərinə qəsd etməkdə görürlər. İntihar qəza olaraq və şüur yerində ikən bədbəxtçilik nəticəsində özünü öldürməyə deyilir. İntihar qarşısı alına biləcək ölüm səbəbidir və şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hisləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.
Ümumdünya Səhiyyə Təşkilatı ildə 800 min nəfərin özünə qəsd etdiyini vurğulayır. Dünyadakı intihar sürəti 100 min nəfərə 12 nəfər hesablanır.
Həkim-psixiatr Orxan Fərəcli TİA.AZ-a bildirdi ki, maddi vəziyyətin aşağı olması, borc almaq, boşanmaq, işsizlik kimi faktorlar intihar riskini artıran amillər cərgəsindədir. Statistikaya baxsaq, əyalətlərə nisbətən ən çox iri şəhərlərdə belə hallar daha çox baş verir.
Psixiatr hesab edir ki, intihar edənlərin 80 faizi istəklərini əvvəlcədən dilə gətirirlər: “Bu düşüncəni dilə gətirənlərin 20 faizi intihara cəhd edir. Həmin 20 faizdən hər 10-intihardan biri böyüklərdə, hər 200-300 cəhddən biri isə yeniyetmələrdə ölümlə nəticələnir.
İntiharların baş vermə səbəbinin başında depressiya gəlir. Xüsusən bir şəxsdə depressiya varsa və müalicədən imtina edirsə, eləcə də nə vaxtsa intihara cəhd edibsə, həmin adam ən yüksək risk qrupuna daxildir.
İnsanın yaxşı dostlarının olması, dünyagörüşünün yüksək olması, müntəzəm idmanla, yoqayla, ibadətlə məşğul olması, hobbilərin olması intihar riskini azaldan vəziyyətlərdir.
İntiharlar cəhd edənlər və tamamlanmış intiharlar olaraq 2 yerə ayrılır. Cəhd edənlər ölənlərdən 8-25 dəfə daha çoxdur.
Tamamlanmış intiharların sayına görə, kişilər qadınlardan 2 dəfə çox ölürlər və məqsədlərinə çatmaq üçün daha qəddar üsullara əl atırlar. İntihar etmə cəhdi isə qadınlarda daha yüksəkdir. İstər digər ölkələrin statistikasında, istərsə də Azərbaycanda həm qadınlar, həm də kişilər arasında ən çox intihar edən yaş qrupu 45-dən yuxarı şəxslərdir”.
Psixoloq, Ailə məsələləri üzrə ekspert Zaur Tahirsoy bildirdi ki, intihar hadisələri tək ictimai-məşiət problemləri ilə əlaqəli deyil: “İntihar aktı ümidin bitdiyi an baş verir. İnsan hər zaman qayğıya, diqqətə ehtiyyac duyur. Ona görə də, ətrafından qayğı, diqqət görməyən insanlar özlərini unudulmuş hesab edirlər. Dünyaya hansı prizmadan baxılması da çox önəmlidir. İnsanlar unutmamalıdılar ki, baş verən hadisələr nə qədər acı və dözülməz olsa da həmin hadisənin içində bir xeyir vardır”.
Psixoloqun fikrincə, mənəvi problemləri olan insanlar bu vəziyyətdən tək başına çıxmaqda çətinlik çəkirlər. Ona görə də, onlara mütləq psixoloji, mənəvi kömək lazım olur: “Depressiyanın ilkin əlamətləri müşahidə edilərsə, mütləq təcrübəli psixoloqa müraciət etmək vacibdir. Mənəvi böhrandan insanın tək başına çıxması çox çətindir”.
İntihar edənlərin sayına gəlincə psixoloq dünyada qadınların sayının üstünlük təşkil etdiyini deyir: “Bu zaman belə nəticəyə gələ bilərik ki, qadın və kişi eyni düşünmürlər. Yaxud da, onların həyata baxışları müxtəlifdir. Elə buna görə, adətən, intihar edən qadın və kişilərin bu yolu seçməsini araşdırdıqda arxasında ayrı-ayrı səbəblərın dayandığı ortaya çıxır.
Adətən kişi çarəsizlikdən, qadın isə namusunun ləkələndiyi vaxtda intihara cəhd edir. Hər halda bütün bu hallar ümidin bitdiyi an baş verir” .
İlahə