“Bir kresloya görə bu qədər müqavimət göstərməyə nə gərək var?”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı müzakirələr tükənmək bilmir. Bir çox rəsmi və qeyri-rəsmi şəxslər, Milli Məclisin deputatarı, elm ictimaiyyətinin nümayəndələri baş verənlərdə AMEA prezidenti Ramiz Mehdiyevi günahlandıraraq, onu istefa verməyə dəvət edirlər. Onların iddiasına görə, R.Mehdiyev AMEA rəhbərliyinə gələndən sonra idarəetmə strukturunu heç bir əsas olmadan tez-tez dəyişdidir, elmi bölmələri ləğv edir, Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsini təsis edir, bu vəzifəyə Akademiya ilə heç bir əlaqəsi olmayan şəxsi gətirir. Bu arada AMEA-da növbədənkənar ümumi yığıncağın çağırılacağı barədə də iddialar yayılıb.
Son açıqlama isə sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanovdan gəlib. AMEA prezidenti Ramiz Mehdiyevi istefaya çağıran sabiq nazir qeyd edib ki, o nə qədər tez gedərsə, öz nüfuzunu qorumuş olacaq.
Editor.az-a danışan Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, AMEA rəhbəri özündə cəsarət tapmalı, istefa mədəniyyəti nümayiş etdirməlidir: “Ramiz Mehdiyev uzun müddət yüksək dövlət vəzifələrində çalışıb. Prezident Adminstrasiyasının rəhbəri kimi mühüm bir post tutub. Bu gün isə idarəetmə səriştəsini itirib. Ona qarşı çoxsaylı istefa tələbləri var. Bir kresloya görə bu qədər müqavimət göstərməyə nə gərək var ki? Ramiz Mehdiyev istefa mədəniyyəti göstərməlidir. Özündə bununla bağlı cəsarət tapmalıdır. Bu onun uzun illər daşıdığı statusa, elmi adına da uyğun bir addım olardı. Hesab edirəm ki, bu məsələ həll olunmalıdır. AMEA ətrafında müzakirələrə yekun vurulmalıdır. Bunun isə ən uyğun yolu Ramiz Mehdiyevin istefasından keçir”.
Deputat qeyd edir ki, 10 fevral Azərbaycan tarixində ağrılı bir gündür: “1828-ci ilin bu günündə “Türkmənçay” müqaviləsi imzalanıb. Bu müqavilə isə Azərbaycanımızı iki yerə bölüb. Məhz o vaxtkı xanlıqların günahı üzündən bu hadisə baş verdi. Birləşə bilmədiklərinə, vahid mövqeyə gəlmədiklərinə görə, bunları yaşadıq. Bu gün ölkə gündəmində əsas hadisələrdən biri AMEA və onun rəhbərliyi ilə bağlıdır. Bizim düşmənimiz kimdir? Təbii ki, ermənilər. Belə bir düşmənimiz ola-ola niyə daxildə bu cür intriqalara yol verməliyik? Azərbaycan artıq qalib ölkədir. Qalib ölkədə isə hər kəs özünü buna uyğun aparmalıdır. Bir vəzifə nəymiş ki, Ramiz Mehdiyev bunu edə bilmir. Əgər kütləvi tələblər varsa, Mehdiyev də onlara riayət etməli, tezliklə istefa verməlidir” – professor vurğulayır.
// Gülnarə Abbasova, Editor.az