D vitamini insanın sağlamlığı üçün ən vacib vitaminlərdən biridir.
D vitamini günəş şüalarının təsirindən orqanizmdə (dəridə) sintez olunur. D vitamini kalsiumun orqanizmdə sovrulmasına və sümük toxumasının hüceyrələrinə daxil olmasına kömək edir. Kalsium bizim sümüklərimizin əsas “tikinti materialıdır”. Beləliklə, D vitamini sümüklərimizi möhkər edir. Bu vitaminin çatışmazlığı isə sümüklərin daha kövrək və zəif olmasına səbəb olur. Uşaqlarda D vitaminin çatışmazlığı raxit kimi ciddi pozulmaya səbəb olur. Raxit uşaqlarda ayaqların və çanaq sümüklərinin, döş qəfəsinin əyilməsinə, fiziki inkişafın ləngiməsinə səbəb olur.
Gün şüalarının kifayət qədər gəbulu D vitaminin ehtiyacını ödəyir. Lakin burada bəzi incəlikləri nəzərə almaq lazımdır:
– gün şüalarının təsiri səhər və axşam saatlarında daha effektlidir
– dərisi tünd olan insanlarda ağ dərili insanlarla müqayisədə D vitamini daha az miqdarda sintez olunur,
– qoca insanların dərisində D vitaminin sintezi xeyli azalır. Bu səbəbdən onların sümükləri kövrək olur, onlarda osteoporoz (sümük toxumasının azalması ilə bağlı olan patoloji prosess) inkişaf edir. Osteoporoz isə yaşlı insanlarda sınıqlara səbəb olur.
– pis ekoloji şərait D vitaminin sintezinə mane olur.
Bəzi qida məhsulları D vitaminin əlavə mənbələridir. Bu məhsulların arasında: süd və süd məhsulları, balıq, balıq yağı, qara ciyər, yumurta sarısı. Lakin bu məhsulların qəbulu D vitaminin ehtiyacını tam ödəmir. Gün şüaları burada əsas rol oynayır.
Uşaqlar və yaşlı insanlar D vitamini və kalsiumu əlavə almalıdır. Bu onların sümüklərinin sağlamlığı üçün çox vacibdir.
Lakin D vitaminin orqanizmdə rolu yalnız sümüklərin qorunması ilə məhdudlaşdırılmır. Bu vitamin bir çox proseslərdə iştirak edir. Bu unikal vitamin orqanizmə həm vitamin, həm də hormon kimi təsir edir.
– D vitamini ürəyin, dərinin, qalxanvari vəzinin, böyrəklərin sağlamlığı üçün olduqca vacibdir.
– D vitamini qanın normal laxtalanması üçün vacibdir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir.
– D vitamini immun sisteminin normal fəaliyyəti üçün də çox önəmlidir.
– Tibbi araşdırmalar nəticəsində məlum oldu ki, vitamin D çox ağır autoimmun xəstəliyi olan yayılmış skleroz zamanı yaxşı kömək edir. Həmçinin D vitamini yayılmış sklerozun profilaktik vasitəsi sayılır.
– Belə hesab olunur ki, D vitamini bəzi xərçəng xəstəliklərinin (xüsusilə süd vəzi, yumurtalıqlar, prostat vəzi xərçəngi, leykoz) müalicəsi və profilaktikası üçün effektlidir.
– D vitamini qadınların və kişilərin cinsiyyət funksiyasına təsir edir. Belə ki, vitamin D kişilərin əsas cinsi hormonu olan testosteronun sintezini stimullaşdırır.
– D vitamini sinirlərin və əzələlərin normal fəaliyyəti üçün çox vacibdir.
– Bu vitamin qanda şəkərin səviyyəsinə təsir edir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir.